Şarm əl-Şeyx danışıqları uzunmüddətli sülh üçün mühüm addımdır - Açıqlama

İsrail və HƏMAS nümayəndələri arasında Misirdə aparılan danışıqlar müsbət istiqamətdə davam edir və yaxın günlərdə razılaşma ilə nəticələnə bilər. Müzakirələr əsasən girovların azad edilməsi, İsrail qoşunlarının Qəzzadan qismən çıxarılması və gələcəkdə bölgənin idarə olunması məsələlərini əhatə edir. ABŞ və regional vasitəçilərin fəal iştirakı prosesin intensivləşməsinə səbəb olub.
Misirdə gedən danışıqlar tərəflər arasında gərginliyin azaldılması baxımından mühüm addımdır. Girovların azad edilməsi və qoşunların qismən çıxarılması münaqişənin yumşalmasına zəmin yarada bilər. Lakin razılaşmanın davamlı olması tərəflərin siyasi iradəsindən asılı olacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Xasay Gəraylı Crossmedia.az-a açıqlama verib.
X.Gəraylı bu razılaşmanın iki il davam edən Qəzza müharibəsinin ilk mərhələsinə son qoymaq üçün atılmış mühüm addım kimi qiymətləndirildiyini bildirib:
“Son günlər İsrail və HƏMAS nümayəndələri Misirin Şarm əl-Şeyx şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən danışıqlarda sülh planının ilk mərhələsini qəbul etdiklərini açıqlayıblar. Bu razılaşma iki il davam edən Qəzza müharibəsinin ilk mərhələsinə son qoymaq üçün atılmış mühüm addım kimi qiymətləndirilir. Danışıqların əsas istiqamətləri girovların azad edilməsi, İsrail qoşunlarının Qəzzadan qismən çıxarılması və humanitar yardımların artırılmasıdır. HƏMAS Qəzzada saxlanılan bütün israilli girovları azad etməyə razılaşıb. Bu, müsbət addım kimi dəyərləndirilir. Əvəzində İsrail təxminən iki min fələstinli məhbusu azad edəcək. Humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə beş sərhəd-keçid məntəqəsinin açılacağı və yardımların Qəzzaya daxil olmasının təmin ediləcəyi bildirilir.
Beynəlxalq oyunçular – ABŞ, Misir, Qətər və Türkiyənin fəal iştirakı danışıqların intensivləşməsinə və razılaşmaların həyata keçirilmə şansının artmasına səbəb olur. ABŞ Prezidenti Donald Tramp bu razılaşmanı tarixi və bənzərsiz hadisə kimi qiymətləndirib. Misir Prezidenti Əbdülfəttah əs-Sisi, BMT Baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu razılaşmanı alqışlayıblar. Bu, beynəlxalq sabitlik üçün atılmış mühüm addım kimi dəyərləndirilir”.
Siyasi şərhçi, bu razılaşmanın həm də bölgədəki digər münaqişələrin həlli və diplomatik təşəbbüslər üçün nümunə ola biləcəyini söyləyib:
“Eyni zamanda, müharibənin nəticələrinə diqqət yetirmək vacibdir. Qəzzada 67 mindən çox fələstinli həyatını itirib, 169 mindən çox insan yaralanıb. Bu rəqəmlər bölgədə humanitar vəziyyətin nə dərəcədə gərgin olduğunu göstərir.
Misirdə aparılan danışıqlar qısamüddətli atəşkəsin və humanitar yardımların təmin edilməsi üçün ciddi imkanlar yaradır. Girovların azad edilməsi, İsrail qoşunlarının qismən çıxarılması və sərhəd-keçid məntəqələrinin açılması humanitar vəziyyətin yaxşılaşdırılmasına xidmət edir və tərəflər arasında ilkin etimadın formalaşmasına işarədir. Lakin uzunmüddətli sabitlik üçün əlavə şərtlər tələb olunur. HƏMAS-ın silahlanmasının tənzimlənməsi və Qəzzada siyasi idarəetmə mexanizmlərinin müəyyənləşməsi olmadan bu razılaşma yalnız müvəqqəti dayanıqlıq təmin edə bilər.
Burada beynəlxalq vasitəçilərin rolu mühümdür – onlar öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməli və qarşılıqlı etimadın formalaşmasına töhfə verməlidirlər. Ümumilikdə, bu danışıqlar sülh və sabitlik üçün əsas perspektiv yaradır, lakin uzunmüddətli nəticələr üçün siyasi iradə, beynəlxalq dəstəyin davamlılığı və tərəflər arasında real etimadın bərpası zəruridir. Bu razılaşma həm də bölgədəki digər münaqişələrin həlli və diplomatik təşəbbüslər üçün nümunə ola bilər. Yaxın Şərqin gələcəyi baxımından bu prosesin uğuru böyük əhəmiyyət daşıyır”.
Nicat Rüstəmzadə
23:04 09.10.2025
Oxunuş sayı: 1275