Trampın Yaxın Şərq ssenarisini “tarixi sülh planı” adlandırmaq hələ tezdir- Ekspert

ABŞ Prezidenti Donald Tramp açıqlamasında İsrail–Fələstin münaqişəsinin həlli və Fələstinin HƏMAS radikal hərəkatının əlində olan girovların azad edilməsinə yönəlmiş planın birinci mərhələsinin yaxın zamanda başa çatacağını bildirib. Tramp, Virciniya ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin şərəfinə keçirilən parada çıxış edərkən, danışıqlarda iştirak edən tərəflərdən sürətli hərəkət etmələrini xahiş edib və əks təqdirdə kütləvi qan tökülməsi riskinin yarana biləcəyini vurğulayıb. Bu açıqlama həm regional sülh prosesindəki gərginliyi, həm də girov məsələsinin həllindəki təciliyyəti ön plana çıxarır, beynəlxalq ictimaiyyətin diqqətini yenidən Orta Şərqdəki mürəkkəb vəziyyətə yönəldir.
Bu barədə Crossmedia.az-a danışan Yaxın Şərq üzrə ekspert, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, Trampın İsrail–Fələstin münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı irəli sürdüyü planın ilk mərhələsinin başa çatması şübhəsiz ki, regionda müəyyən dinamika yaradıb: “Lakin bu təşəbbüsün Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olmasına real töhfə verib-verməyəcəyi hələ də açıq qalır. İlk baxışdan planın humanitar aspekti — yəni girovların mərhələli şəkildə azad edilməsi və atəşkəsin müvəqqəti təmin olunması — müsbət nəticə kimi qiymətləndirilə bilər. Bu, həm beynəlxalq ictimaiyyətin, həm də region dövlətlərinin dəstəklədiyi vacib humanitar addımdır. ABŞ bu yolla həm öz diplomatik təsirini gücləndirməyə, həm də Yaxın Şərqdəki gərginliyi qismən azaltmağa çalışır".
Onun sözlərinə görə, planın uzunmüddətli perspektivdə uğurlu olması üçün siyasi, hərbi və sosial baxımdan çoxsaylı maneələr qalmaqdadır: “Trampın planı Fələstinin dövlət kimi tam müstəqilliyini açıq şəkildə tanımır. Bu isə ‘iki dövlətli həll’ prinsipinin reallaşmasını şübhə altına alır və fələstinlilər arasında ciddi etimadsızlıq yaradır. Digər tərəfdən, İsrailin daxili siyasi dairələrində, xüsusilə də sağçı partiyalar arasında bu planın bəzi müddəalarına qarşı ciddi müqavimət var".
V.Zifəroğlu qeyd edib ki, HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada nəzarətin beynəlxalq qüvvələrə verilməsi kimi bəndlər praktik baxımdan çətindir: “Təşkilat bu şərtləri qəbul etmədiyi halda razılaşmanın icrası qeyri-mümkün olacaq. Üstəlik, bölgədəki digər aktorlar — İran, Qətər, Misir və Türkiyə kimi ölkələrin maraqları da planın həyata keçməsinə müxtəlif istiqamətlərdə təsir göstərə bilər. Trampın təşəbbüsü müəyyən humanitar nəticələr versə də, onu “tarixi sülh planı” adlandırmaq hələ tezdir. Əgər bu plan qarşılıqlı etimad, beynəlxalq təminatlar və ədalətli siyasi status üzərində qurulmasa, əvvəlki təşəbbüslər kimi qısaömürlü diplomatik addım olaraq qalacaq. Regionda davamlı sülh üçün təkcə atəşkəs yox, həm də Fələstin dövlətinin real siyasi hüquqlarının tanınması və İsrailin təhlükəsizlik təminatının paralel şəkildə qorunması vacibdir".
Mehriban Yariyeva
21:49 06.10.2025
Oxunuş sayı: 1591