“Tel-Əviv yalnız o halda atəşkəsə razı ola bilər ki...”- Açıqlama

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təklif etdiyi atəşkəs planı bir neçə gündür beynəlxalq gündəmi zəbt edən əsas məsələlərdəndir. Ağ Ev rəhbəri bütün imkanları ilə çalışır ki, planı reallaşsın. Ən azından görünən budur. Hər halda Tramp bunun üçün həm İsrailə, həm də Fələstinin HƏMAS təşkilatına çağırışlar.
Yaxın Şərqlə bağlı yeni dinamikanın ilkin əlamətləri müşahidə olunsa da, hələ ki, nə İsrail, nə HƏMAS ABŞ-nin təklifinə razılıq verib.
Siyasi şərhçi Nigar Allahverdiyeva proseslərin mümkün inkişafı barədə proqnozlarını Crossmedia.az-la bölüşüb: “İlk növbədə qeyd etmək lazımdır ki, İsrailin ABŞ tərəfindən təklif olunan atəşkəs planına münasibəti bir neçə əsas faktordan asılı olacaq. Nəzərə almaq lazımdır ki, İsrail üçün əsas məsələ HƏMAS-ın hərbi potensialıdır. 2009 və 2014-cü illərdə də oxşar atəşkəs təşəbbüsləri olub, lakin İsrail sonradan HƏMAS-ın hərbi resurslarını bərpa etməsini ciddi təhlükə kimi qiymətləndirmişdi. Buna görə hazırkı mərhələdə də Tel-Əviv yalnız o halda atəşkəsə razı ola bilər ki, bu plan HƏMAS-ın raket ehtiyatlarının və tunel şəbəkəsinin tam məhdudlaşdırılmasını nəzərdə tutsun, eyni zamanda İsrailin təhlükəsizlik maraqlarını təmin etsin və gələcəkdə yeni hücum risklərini minimuma endirsin. Digər əsas faktor isə budur ki, ABŞ İsrailin ən yaxın müttəfiqidir. Trampın birinci prezidentliyi prezidentliyi dövründə, yəni 2017–2021-ci illərdə ABŞ səfirliyinin Qüdsə köçürülməsi və “Əsrin müqaviləsi” planı İsrailin maraqlarına uyğun addımlar kimi qəbul olunmuşdu. Bu presedent göstərir ki, İsrail ABŞ-dan gələn təşəbbüsləri rədd etməkdə çox ehtiyatlı davranır. Bununla bərabər İsrail rəhbərliyi dəfələrlə bəyan edib ki, “HƏMAS tam zərərsizləşdirilmədən davamlı sülh mümkün deyil".
O bildirib ki, Qəzza məsələsi yalnız İsrail-HƏMAS münasibətlərindən ibarət deyil: “Burada Misir, Qətər, Türkiyə, hətta İran kimi oyunçuların da mövqeyi önəmlidir. Qeyd edim ki, Misir və Qətər uzun müddətdir vasitəçi kimi atəşkəs proseslərində iştirak edir. 2021-ci ildə də Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəs ABŞ-ın dəstəyilə möhkəmləndirilmişdi.Bu dəfə də oxşar model mümkündür. İsrail ABŞ-ın planına cavab verərkən eyni zamanda bu ölkələrin reaksiyalarını da nəzərə alacaqdır. Bununla yanaşı, İsraildə ictimaiyyətin böyük qismi “HƏMAS tam zərərsizləşdirilmədən atəşkəs qəbul olunmamalıdır” mövqeyindədir. Bu səbəbdən hökumətin verəcəyi cavab həm beynəlxalq təzyiqləri, həm də daxilindəki gözləntilərini balanslaşdırmalıdır. Əgər bu baş tutmasa, siyasi təzyiqlərlə üzləşə bilər. Daha dəqiq qeyd etsək, İsrailin ABŞ-nin təklifinə birbaşa “bəli” və ya “xeyr” cavabı verməsi ehtimalı azdır. Daha çox şərti qəbul və ya əlavə tələblərlə razılıq ola bilər, yəni rəsmi Tel-Əviv bu planı müəyyən dəyişikliklərlə müzakirə masasında saxlayacaq, çünki həm ABŞ-la münasibətləri zədələmək istəmirlər, həm də HƏMAS qarşısında güzəştə getmiş kimi görünmək istəmirlər”.
Gülbəniz Bayramova
20:43 06.10.2025
Oxunuş sayı: 1848