Üçüncü dünya müharibəsi başlayır? - Əvvəlkilərdə də belə olmuşdu...

İsrailin Qəzzaya humanitar yük daşıyan Qlobal Sümud Donanmasına hücumu bir neçə gündür ki, beynəlxalq gündəmi zəbt edən əsas məsələlərdəndir. Hadisə ilə bağlı bir neçə ölkə həmrəylik aksiyası keçirib.
Berlinin əsas dəmiryolu vağzalında toplanan təxminən 300 nəfər, Qlobal Sümud Donanması ilə həmrəylik mesajları verib. Məlumatlara görə, İsrail donanma qüvvələri Qlobal Sümud Donanmasına hücum edərək gəmiləri qanunsuz şəkildə ələ keçirib.
Türkiyə İsrailin Qlobal Sümud Donanmasına hücumunu terror əməliyyatı kimi qiymətləndirib. İsrailin hücumunu etirazla qarşılayan nümayişçilər müxtəlif ölkələrdə aksiya keçirərək İsrail əleyhinə şüarlar səsləndiriblər.
Təl- Əvivin bu addımı yeni- daha ciddi gərginliyə səbəb ola bilərmi?
Birinci və İkinci dünya müharibələrinin də sadəcə bir qığılcımla başladığını nəzərə alsaq yeni böyük savaşın astanasında olduğumuzu deyə bilərikmi?
Bu barədə Crossmedia.az-a danışan hərbi- siyasi ekspert Həşim Səhrablı söyləyib ki,
İsrailin bu addımı yeni deyil və beynəlxalq hüququn işləməməsi regionda humanitar böhranı daha da dərinləşdirir.
Ekspertin sözlərinə görə, İsrail bu kimi analoji addımları dəfələrlə atıb: "Xüsusilə də Mavi Marmara hadisəsi zamanı İsrail və Türkiyə arasında münasibətlər gərginləşmiş, həmin vaxt da İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumu baş vermişdi. İsrail faktiki olaraq Qəzza bölgəsini blokada şəraitində saxlayır, bütün humanitar yardımlara qadağa qoyur və bölgəyə yardımın daxil olmasına imkan vermir. Bu da göstərir ki, humanitar aksiya keçirən dövlətlərin belə bu cür reaksiyaya məruz qalması artıq beynəlxalq humanitar dəstəyin önünü kəsir. İsrail Qəzzadan insanları köçürmək və həmin bölgəni işğal etmək məqsədilə əhalini aclıq və humanitar böhranla sınağa çəkir. Özü humanitar yardım göstərmədiyi kimi, digər dövlətlərin gətirdiyi yardımların da qarşısını alır".
Ekspert əlavə edib ki, bütün bunların baş verməsinin əsas səbəbi beynəlxalq hüququn işləməməsidir: "Azərbaycan da bu problemlə üzləşib – BMT-nin qəbul etdiyi 4 qətnamə icra edilməmiş, nəticədə Azərbaycan öz torpaqlarını özü azad etməyə məcbur qalmışdı. Bu gün də BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə heç bir qərar qəbul edilmir, çünki ABŞ veto qoyur. ABŞ-nin İsraili müdafiə etməsi, İsrailin Qəzzada soyqırım siyasətini həyata keçirməsinə şərait yaradır. Düşünmürəm ki, İtaliya, İspaniya İsrailə qarşı ciddi addım atsınlar. Çünki ortada ABŞ faktoru var. Bu isə çox arzuolunmaz bir haldır və insanlıq üçün fəlakətdir”.
Fatimə Nəzərli
12:49 04.10.2025
Oxunuş sayı: 2223