Su ehtiyatları Azərbaycanın ən yaralı yeridir - MÜSAHİBƏ

Qlobal iqlim dəyişikliyi bütün dünyada olduğu kimi, Azərbaycanın təbii mühitinə də öz təsirini göstərir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, su ehtiyatlarının azalması və torpaqların deqradasiyası kimi proseslər ölkənin ekologiyasını və sosial-iqtisadi inkişafını birbaşa təsir altına alır. Bu baxımdan, Azərbaycan regional xüsusiyyətləri və iqlim həssaslığı ilə seçilən ölkələrdən biridir. Ölkədə aparılan elmi tədqiqatlar və strateji tədbirlər göstərir ki, həm urbanizasiya, həm sənayeləşmə, həm də dayanıqlı inkişaf prinsipləri iqlim təhlükələrinə qarşı effektiv adaptasiya mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru., dosent Zaur İmrani Crossmedia.az-a müsahibə verib:
- Qlobal iqlim dəyişikliyi fonunda Azərbaycan hansı regional xüsusiyyətlərinə görə daha həssas hesab olunur?
-Qlobal iqlim dəyişikliyi demək olar ki, bütün ekosistemlər öz təsirini göstərməkdədir. Bunlara: meşələri, su hövzələrini, landşaftları və s.-ni aid edə bilərik. Lakin iqlim dəyişikliyinə daha həssas olan ərazilərə buzlaqları aid edə bilərik. Hazırda buzlaqların müasir vəziyyəti o qədər də ürəkaçan deyil. Biz, 1961-2022-ci illər ərzində buzlaqların dinamikasını izləsək görərik ki, təkcə Böyük Qafqaz dağlarında 1961-1990-cı illərlə müqayisədə, 2013-2022-ci illər ərzində buzlaqların sahəsi 15,7-25,0%, azalmışdır. Bu olduqca yüksək göstəricidir və
-Son illərdə Azərbaycanda temperatur, yağıntı və külək rejimində müşahidə olunan dəyişikliklər barədə hansı konkret elmi faktları qeyd edə bilərsiniz?
-Bu problemin həlli olduqca geniş elmi tədqiqat işlərinin aparılmasına ehtiyac yaradır. Qlobal miqyasda temperatur göstəricilərinin artması, yağıntıların azalması, lakin buna baxmayaraq, intensiv yağan yağışların artması, o cümlədən leysan yağışlarının, küləklərin rejiminin isə müəyyən periodlar üzrə dəyişkənliyə uğramasını biz müşahidə edə bilirik. Coğrafiya İnstitutunda temperatur, yağıntı və külək rejimində müşahidə olunan dəyişikliklər barədə geniş elmi tədqiqat işləri aparılır və hazırda temperatur rejiminin təyişkənliyi ilə bağlı xəritələr hazırlanır.
- Su ehtiyatlarının azalması və torpaqların deqradasiyası fonunda Azərbaycanda hansı adaptasiya tədbirləri görülür?
-Su ehtiyatları Azərbaycanın ən yaralı yeridir. Cənubi Qafqaz regionunda Azərbaycan su ehtiyatları ilə zəif təminat olunmuşdur. Lakin buna baxmayaraq, su ehtiyatlarının öyrənilməsi, suların inteqrasiyalı idarə olunması, su anbarlarında bərpa-gücləndirmə və yenidənqurma işlərinin aparılması daim prioritet olaraq qalmaqda davam edir. Məhz bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrası həyata keçirilir. Tədbirlər planında su ehtiyatları ilə bağlı müxtəlif səpkili elmi araşdırmalar həyata keçirilir ki, onların da bir hissəsinin icrası Coğrafiya İnstitutuna tapşırılmışdır. Hazırda biz elektron su xəritəsinin hazırlanması üzərində çalışırıq.
-Ekoloji təhlükəsizlik baxımından urbanizasiya və sənayeləşmənin iqlimə təsiri necə qiymətləndirilir?
-Urbanizasiya və sənayeləşmə tarix boyu ətraf mühitə öz mənfi təsirini göstərmişdir. Bu təsir əvvəllər qlobal səviyyədə özünü biruzə verdiyi üçün inkişaf etmiş ölkələr öz sənaye sahələrini digər ölkələrdə yerləşdirir və düşünürdülər ki, belə bir medot onların yaşadığı mühitin qorunmasına xidmət edəcəkdir. Lakin zaman göstərdi ki, dünyanın istənilən bir ərazisində ətraf mühidə dəyən ziyan özünü gec ya tez qlobal miqyasda göstərir. Son dövrlər ekoloji təhlükəsizlik məsələlərinə dövlətlər daha həssas yanaşır və təmiz ekoloji mühitə üstünlük verirlər. Bunu biz, 1992-ci ildə keçirilən Rio konfransında da görə bilərik. Hazırda dayanıqlı inkişafın təminatçılarından biri hesab edilən ekoloji mühit öz müsbət təsirlərini göstərməkdədir. Belə ki, ağıllı yaşayış məntəqələri və yaşıl iqtisadiyyatın tətbiqi buna imkan yaratmaqdadır.
Müsahibəni hazırladı:
Ayhan Ağarzayev
18:43 02.10.2025
Oxunuş sayı: 2330