Dəyişən dünyada İsrailin dəyişməyən siyasəti: Yaxın Şərqdə ara səngiməyəcək

Ağ Ev ABŞ Prezidenti Donald Trampın
Qəzzadakı münaqişəyə son qoymaq məqsədi daşıyan 20 bəndlik tamformatlı sülh
planını açıqlayıb.
Plana əsasən, dərhal atəşkəs elan
edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların
azad olunması nəzərdə tutulur.
Sənədə görə, İsrail təklifi qəbul
etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək.
"Bütün girovlar azad olunduqdan
sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra
saxlanılan 1 700 mülki sakini təhvil verməlidir", – sənəddə qeyd olunur.
Bununla yanaşı, ABŞ-nin beynəlxalq tərəfdaşlarla
birlikdə Qəzza üçün müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrini yaratmaq üçün əməkdaşlıq
edəcəyi vurğulanır. Trampın planında, həmçinin bölgədə iştirakçı ölkələr üçün
güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə
tutulur.
Sənədə silahı yerə qoyub dinc yanaşı
yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək
istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və digər
qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada iştirak
etməməlidirlər.
Qəzzaya nəzarət müvəqqəti olaraq
texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu
komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə
cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən
ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ
Prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək.
Plan Qəzzanın İsrail tərəfindən
işğalını və ya ilhaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir.
Bu barədə politoloq Azad Məsiyev
plana Crossmedia.az - a şərh edib: "Yaxın Şərqdə illərdir davam edən
münaqişələr fonunda ABŞ-nin İsrailə verdiyi siyasi və hərbi dəstək beynəlxalq
gündəmin əsas mövzularından birinə çevrilib.
İsrailin həyata keçirdiyi aqressiv siyasətin arxasında məhz ABŞ-nin dəstəyi
dayanır. Məlumdur ki, Vaşinqton-Təl-Əviv münasibətləri təkcə diplomatik deyil,
həm də strateji müttəfiqlik üzərində qurulub. ABŞ-nin istər Respublikaçı, istərsə
də Demokrat administrasiyaları dövründə İsrailə münasibətləri təxminən eyni
olub.
Politoloq vurğulayıb ki, İsrailin
siyasəti isə mübahisəsiz şəkildə genişlənmə üzərində qurulub: “Dövlət
yaradıldığı ilk gündən bu yana fələstinlilərin torpaqları hesabına ərazi
böyüdülüb. Əksər hallarda bu addımlar “terrorla mübarizə”, “özünümüdafiə” və ya
“bufer zona yaratmaq” kimi arqumentlərlə əsaslandırılır. Lakin reallıqda bu
siyasət təkcə Fələstinlə məhdudlaşmır. İsrailin Suriyanın Qolan təpələri, Livan
əraziləri ilə bağlı iddiaları da mövcuddur. Xüsusilə Qəzzada baş verən son
hadisələr İsrailin planlarının tərkib hissəsi kimi qiymətləndirilir. Məqsəd
bölgə sakinlərini deportasiya etmək, torpaqları boşaltmaq və işğalı rəsmiləşdirməkdir. BMT-nin son iclasında İsrail baş nazirinin
çıxışı zamanı yüzdən artıq ölkənin nümayəndəsinin zalı tərk etməsi etiraz
nümayiş etdirib. Bu, dünya dövlətlərinin İsrailin siyasətinə qarşı artan nifrətinin
simvolu kimi dəyərləndirilir.
A.Məsiyev qeyd edib ki, ABŞ-nin rolu
isə burada ikili standartlarla izah olunur: “Rusiya-Ukrayna müharibəsində
Moskvaya qarşı sərt iqtisadi və siyasi sanksiyalar tətbiq edən Vaşinqton,
İsrail-Fələstin münaqişəsində isə İsrailin eyni aqressiv addımlarına "göz
yumur". Bu, ABŞ-nin bölgədə xaos yaradaraq öz maraqlarını həyata keçirməsi
ilə əlaqələndirir. Trampın tez-tez səsləndirdiyi “sülh çağırışları” isə müşahidəçilərə
görə, sadəcə siyasi şoudan ibarətdir. Real addımlar atılmadığı üçün bu
çağırışların praktik nəticəsi yoxdur. Nəticə etibarilə, İsrailin apardığı siyasət
beynəlxalq aləmdə “işğal”, “deportasiya” və “soyqırım” kimi qələmə alınır. Qəzzada
müvəqqəti atəşkəs razılaşmaları əldə edilsə də, bunların davamlı sülh üçün heç
bir zəmanət yaratmadığı vurğulanır. ABŞ-nin açıq dəstəyi fonunda İsrailin Yaxın
Şərqdəki siyasətinin qarşıdakı dövrlərdə də davam edəcəyi ehtimal olunur”.
Mehriban İbrahimli
18:59 30.09.2025
Oxunuş sayı: 881