Qəzzada müharibənin sona çatacağı inandırıcı görünmür - Rəy

ABŞ-nin prezidenti Donald Tramp bəyan edib ki, Qəzzada davam edən müharibənin sona çatmasına çox az qalıb. Onun sözlərinə görə, yaxın zamanda bölgədə vəziyyətlə bağlı mühüm dəyişikliklər gözlənilir.
Mövzu ilə bağlı Crossmedia.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib: "Qəzzada İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar və müharibə cinayətləri ABŞ-lə razılaşdırılmış şəkildə aparılır. Bu prosesdə ABŞ-nin prezidenti Donald Trampın da dolayı rolu olduğu bildirilir. Məqsəd açıqdır: fələstinliləri Qəzzadan çıxarmaq, bölgədə ya yeni idarəetmə formalaşdırmaq, ya da ərazini İsrailə qatmaq".
Politoloq qeyd edib ki, Tramp “sülhə yaxınlaşırıq” desə də, reallıq tam fərqlidir: "Çünki bölgədə hələ də Həmas mövcuddur və hərbi toqquşmalar davam edir. Trampın istinad etdiyi 21 maddəlik sülh planı da suallar doğurur: bu sülh kimlərlə bağlanacaq, Həmasla, yoxsa müəyyən ərəb ölkələri ilə? Görünən odur ki, danışıqlar prosesinə Türkiyə də ABŞ vasitəsilə cəlb olunmağa çalışılır. Lakin fakt budur ki, müharibə hələ də davam edir. İsrail Qəzzanı demək olar ki, yerlə-yeksan edib, mülki əhalini qətlə yetirir, sağ qalanları isə deportasiya edir".
Məhəmməd Əsədullazadə bildirib ki, müşahidələr göstərir ki, əhalinin ən azı 70 faizi Qəzzadan çıxarılmadan bölgədə hər hansı sabit sülhdən danışmaq mümkün deyil: "Bu mənada Trampın “sülh” dediyi proses daha çox müharibənin müvəqqəti dayandırılması anlamı daşıyır".
Xumar Emilqızı
15:50 27.09.2025
Oxunuş sayı: 1208