Ərdoğan Trampla görüşəcək: Liderlər arasında bu məsələlər müzakirə olunacaq - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda
görüş keçiriləcək. Bilidirilir ki, Trampla görüşündə regional məsələlər ön
planda olacaq. "Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə
böyük məsuliyyət düşür", - Ərdoğan deyib. O həmçinin Nyu-Yorkda da bir
sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini
vurğulayıb.
Məsələ ilə bağlı Crossmedia.az-a
açıqlama verən politoloq Sultan Zahidov Ərdoğanın BMT Baş Assambleyasının 23-cü
sessiyasında çıxışında bir çox aktual məsələlərə toxunacağını qeyd edib:
"Qeyd edim ki, Türkiyə lideri Rəcəb Tayyib Erdoğanın Nyu-Yorka səfəri baş
tutub. Orada o, BMT Baş Assambleyasının 23-cü sessiyasında çıxış edəcək.
Düşünürəm ki, həmin çıxışda
Ərdoğan dünyada baş verən aktual məsələlərə toxunacaq. Xüsusilə, Yaxın Şərqdə
İsrailin atdığı addımlar, Qəzzanın bombalanması məsələsi gündəmə gələ bilər.
Eyni zamanda onun Rusiya–Ukrayna münaqişəsinə dair mövqeyini ifadə edəcəyi də
istisna deyil. Bundan başqa, Qafqazdakı proseslər, o cümlədən Zəngəzur dəhlizi
məsələsinə də diqqət yetirilə bilər.
Sentyabrın 25-də isə Ərdoğanla
Donald Tramp arasında ikitərəfli görüş nəzərdə tutulur. Bu görüşdə əsas müzakirə
mövzusu ABŞ–Türkiyə münasibətləri olacaq. Xatırladaq ki, əvvəlki dövrlərdə bu
münasibətlər müəyyən gərginliklərlə yadda qalmışdı. İndi isə Tramp dönəmində əlaqələrin
yenidən nizama salınması gözlənilir.
Görüşdə F-16 qırıcılarının verilməsi,
F-35 proqramı ilə bağlı məsələlər, həmçinin Yaxın Şərq, Suriya və İsrail
mövzularının da gündəmə gələcəyi bildirilir. Ərdoğan sosial şəbəkədəki
paylaşımında Donald Trampı “müttəfiq və dost” adlandırıb ki, bu da münasibətlərin
hazırda yüksək səviyyədə olduğunu göstərir.
Bəzi mənbələrə görə, Ərdoğanın dəstəyi
ilə hətta Suriya ilə ABŞ arasında da müəyyən təmasların qurulması mümkündür.
Çünki rejim dəyişikliyindən sonra Suriyanın beynəlxalq aləmdə tanıdılmasında əsas
vasitəçi ölkə məhz Türkiyə olub. ABŞ-ın Suriya qarşı sanksiyalarının
yumşaldılmasında da Türkiyə diplomatiyasının rolu ola bilər".
Politoloq həmçinin Ərdoğan-Tramp
görüşündə Rusiya-Ukrayna münaqişəsinin həll olmayacağını bildirib:
"Rusiya–Ukrayna məsələsinə gəldikdə isə, düşünmürəm ki, Ərdoğanın Tramp ilə
görüşü bu problemin həllinə gətirib çıxarsın. Alyaska görüşündə Tramp–Putin
danışıqları da nəticə verməmişdi. Türkiyənin vasitəçiliyi ilə İstanbul
danışıqları, əsir mübadiləsi və humanitar məsələlərdə müəyyən irəliləyiş əldə
olunsa da, atəşkəs məsələsində ciddi nəticələr qeydə alınmayıb.
Bunun başlıca səbəbi Rusiyanın müharibəni davam etdirməkdə israrlı olmasıdır. Moskvanın əsas məqsədi Donbası tam şəkildə nəzarətə götürməkdir. Bu məqsədlə bölgəyə böyük hərbi qüvvələr cəmlənib. Son dövrlərdə Rusiyanın Polşa və Rumıniyaya dronlar göndərməsi, Estoniya hava məkanına qırıcı daxil etməsi də Kremlin geri çəkilmək niyyətində olmadığını göstərir. Rusiya atəşkəsdə maraqlı deyil, daha çox ərazi ələ keçirərək Ukraynanı kapitulyasiyaya vadar etmək istəyir".
16:28 22.09.2025
Oxunuş sayı: 1322