ABŞ Suriyalı miqrantların deportasiyadan qorunmasını dayandırır

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cümə günü bəyan edib ki, ölkə suriyalı miqrantlara deportasiyadan qorunma təminatını dayandıracaq. Bu addım prezident Donald Trampın miqrantları leqal statusdan məhrum etməyə yönəlmiş genişmiqyaslı siyasətinin bir hissəsi olacaq.
Crossmedia.az "Asharq Al-Awsat"a istinadən xəbər verir.
Federal Reyestrdə dərc olunmuş bildirişə əsasən, qərar 2012-ci ildən etibarən leqal statusdan yararlanan 6000-dən çox suriyalının müvəqqəti qorunan statusunu ləğv edəcək.
“Suriyadakı şərtlər artıq vətəndaşların evlərinə qayıtmasına mane olmur. Suriya demək olar ki, iki onillikdir terrorizm və ekstremizmin mənbəyidir və suriyalılara ölkəmizdə qalmağa icazə vermək milli maraqlarımıza ziddir”, — deyə nazirliyin nümayəndəsi Trişa Maklaflin bildirib.
Bəyanatda qeyd olunur ki, hazırda ABŞ-da yaşayan Suriya vətəndaşlarının ölkəni tərk etmək üçün 60 günü var. Müddət başa çatdıqdan sonra ölkədə qalan suriyalılar saxlanılaraq deportasiya edilə bilər.
21:18 20.09.2025
Oxunuş sayı: 694