ABŞ-da H-1B vizası və “Trump Gold Card” proqramı üzrə yeni dəyişikliklər

ABŞ prezidenti Donald Tramp yüksək ixtisaslı xarici mütəxəssislərin işə qəbul edilməsinə imkan verən H-1B viza proqramının yenidən nəzərdən keçirilməsi haqqında fərman imzalayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu proqram xüsusilə iri korporasiyalar, ilk növbədə isə texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər arasında böyük tələbatla qarşılanır.
Sənəd proqramda iştirak üçün müraciətə görə 100 min ABŞ dolları məbləğində yeni rüsumun tətbiqini nəzərdə tutur və bu rüsum ödənilməyən halda H-1B vizası ilə ölkəyə girişə məhdudiyyət qoyur. Əvvəllər proqram çərçivəsində ümumi ödənişlər təxminən 1500 dollar təşkil edirdi, indi isə Bloomberg-in bildirdiyinə görə, yeni ödəniş mövcud rüsumlara əlavə olunacaq.
Gözlənilir ki, bu dəyişikliklərdən xüsusilə H-1B vizalarından asılı olan İT sektoru ciddi təsirlənəcək. Reuters xəbər verir ki, ABŞ şirkətləri bu proqram çərçivəsində fəal şəkildə Hindistan və Çindən mütəxəssislər cəlb edirlər. Fərmanla bağlı olaraq, Microsoft, JPMorgan və Amazon öz H-1B vizalı əməkdaşlarına ABŞ-dan kənara çıxmamağı, ölkədən çıxmış olanlara isə dəyişikliklər 21 sentyabrda qüvvəyə minməzdən əvvəl geri qayıtmağı tövsiyə ediblər.
Başqa bir fərmanla Tramp əcnəbilərə ABŞ-da daimi yaşamaq icazəsini sürətləndirilmiş prosedurla almaq imkanını təsdiqləyib. Belə adlandırılan Trump Gold Card (“Trampın Qızıl Kartı”) bir milyon dollar qarşılığında təqdim olunacaq.
Pərvin Hacıyeva
18:30 20.09.2025
Oxunuş sayı: 1148