Paşinyan: Məni satqın adlandırdılar, amma analar Ermənistanı xilas etdiyim üçün təşəkkür edirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının VII qurultayında çıxışı zamanı bildirib ki, siyasi və mədəni elitanın bir hissəsi onu satqınlıqda ittiham etsə də, erməni anaları müharibənin dayandırılması və dövlətin qorunması üçün ona təşəkkür ediblər.
Crossmedia.az bildirir ki, Paşinyanın sözlərinə görə, qadınlar ona belə deyiblər: “Siz on minlərlə insanın həyatını və Ermənistanı xilas etdiniz. Bizim yalnız sülhə ehtiyacımız var”.
O, həmçinin 2019-cu ildə söylədiyi “Arsax – Ermənistandır” bəyanatı ilə indiki sülh razılaşmaları arasında ziddiyyət olduğunu etiraf edib. Baş nazir bunu “patriotizmin müxtəlif modelləri” ilə izah edərək bildirib ki, əvvəlki çıxışlarında sovet dövrünün zorla formalaşdırdığı vətənpərvərlik modelindən danışırdı, indi isə “Ermənistan analarının tapşırdığı vətənpərvərlik” prinsipi ilə hərəkət edir.
Paşinyan əlavə edib ki, sovet liderlərinin diktə etdiyi köhnə patriotizm modeli ermənilərdə “Vətəni Ermənistanın özündə deyil, kənarda axtarmaq” düşüncəsini gücləndirirdi. Onun fikrincə, bu yanaşma müstəqil dövlətin inkişafına mane olub və erməniləri SSRİ-nin imperiya siyasətinin alətinə çevirib.
11:23 20.09.2025
Oxunuş sayı: 874