Bəqayi: İran Suriya ilə əlaqələrin bərpasına tələsmir

İran və Suriya kimi iki dost İslam ölkəsi arasında münasibətlərin kəsilməsi davamlı ola bilməz.
Crossmedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Tehran hər zaman Suriya xalqının dostu olub və bu ölkənin taleyinin bütün etnik qrupların və sosial təbəqələrin hüquqları nəzərə alınmaqla müəyyən edilməsini vacib sayır.
Bəqayi İsrailin Suriyaya qarşı hücumlarını qətiyyətlə pisləyib, Suriyanın ərazi bütövlüyünün və milli birliyinin qorunmasının önəmini vurğulayıb.
Diplomat əlavə edib ki, İran əlaqələrin bərpası məsələsində tələsmir: “Əgər müəyyən olunsa ki, İranla dostluq Suriya xalqının mənafeyinə uyğundur, Tehran qarşılıqlı əlaqələrə hazır olacaq”.
14:55 17.09.2025
Oxunuş sayı: 919