Azərbaycanda 4 günlük iş həftəsi olsun? – Deputatların və Ekspertlərin fikirləri haçalanır

Dünyanın bir çox ölkəsində həftəlik iş 40 saat olaraq müəyyən edilib. Həftənin 5 günü 8 saat iş həftəsonu isə istirahət günləri olaraq nəzərdə tutulub. Azərbaycan qanunvericiliyində də bu məsələ məhz bu cür tənzimlənib. Əmək Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, tam iş vaxtı – müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllənin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Türkiyə isə iş günləri ilə bağlı yeni bir təşəbbüs planı irəli sürdü. Təklifə görə iş saatı olduğu kimi qalmaqla həftədə 4 gün iş, 3 gün istirahət olsun. Qanunvericiliyə görə, dövlət qulluqçularının həftəlik iş saatı 40 saat, digər işçilərininki isə maksimum 45 saat təşkil edir və iş günləri işin xarakterinə uyğun 5 və ya 6 günə bölünə bilər. Lakin işçilər gündə 10 saat işləyərək bu zamanı dörd günə də bölə bilərlər.
Daim gündəmdə olan, müzakirə edilən iş gününün azaldılması məsələsi tək Azərbaycanda yox demək olar bütün Avropa dövlətlərində aktuald mövzudur. Bu məsələnin tənzimlənməsi tək qanunvericiliklə məhdudlaşmır. Burada müəyyən əvəzlənmə üsulu ilə iş yükünün azaldılması nəzərdə tutulur.
Maraqlıdır bu təşəbbüs Azərbaycanda da həyata keçirilə bilərmi? Crossmedia.az məsələ ilə bağlı ekspertlərlə birgə araşdırma aparıb...
Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov: “Azərbaycanda Əmək Məcəlləsinə görə həftəlik 40 saat, yəni 5 günlük iş həftəsi müəyyən olunmuşdur. Həm də hətta inkişaf etmiş ölkələrdə də 5 günlük iş həftəsi mövcuddur. Bu baxımdan ölkəmizdə 4 günlük iş həftəsinin tətbiqi ilə bağlı bir məsələ gündəmdə deyil”.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov: “Dörd günlük iş həftəsinə keçid Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, digər ölkələrdə də mütəmadi olaraq olaraq müzakirə olunur. Ölkəmizdə müxtəlif iş rejimləri var. Bunlara həftəlik, 6 günlük, sürüşkən iş qrafikləri də aiddir. Elə idarələr var ki, iş qrafiki 5 günlük olsa da, həftəsonu da işləyirlər. Lakin işçi artıq günlərin əmək haqqını almır. Qanunla isə belə deyil. Şənbə və bazar, bayram günlərində işçi işə çıxarsa, əmək haqqı ikiqat ödənməlidir. 4 günlük iş rejiminə keçilərsə, iş saatlarında dəyişiklik ola bilər. Ümumiyyətlə əgər iş qrafikində dəyişiklik olarsa, təhsil, səhiyyə və başqa sahələrə mənfi təsir göstərə bilər. Düşünürəm ki, bu layihə əvvəlcə kiçik bir sahədə tətbiq olunmalı, nəticələri düzgün təhlil edilməlidir. Çünki Azərbaycanda elə sahələr var ki, 4 günlük iş rejimi qeyri-mümkündür. Müəllimlər, həkimlər, poçt işçiləri, qaz, su, işıq idarələrinin işçiləri 6 gün işləyir. Düşünürəm ki, bütün imkanlara baxmaq lazımdır. Hazırda Azərbaycanda 4 günlük iş rejiminə keçilməsi indiki dövr üçün mümkünsüzdür. Əslində 4 günlük iş rejimi insanlarda məsuliyyət hissini artırar və onlar işlərini bu müddətə sığdırmağı bacararlar. Amma bunun nə qədər məhsuldar və keyfiyyətli olacağı şübhə doğurur”.
Hüquqşünas Yalçın Hacızadə məsələnin qanunvericilikdə necə tənzimləndiyini açıqlayıb: “Həftəlik iş günlərinin azaldılması dünyanın bir çox ölkələrində müzakirə edilir və hətta bəzi ölkələr tətbiq etməyə da başlayıb. Bu, əsasən COVİD-19 pandemiyasının yayılmasından sonra daha da aktualaşdı. Texnikanın, tenologiyanın, süni intelektin inkişafı ilə gələcəkdə iş günlərinin və saatlarının azaldılması sürətlənəcək. Amma bunu hər sahəyə şamil etmək olmayacaq. Çünki iş günlərinin və saatlarının azaldılması əmək haqqlarının azaldılmasına da təsir edəcək. Ona görə bunun ölkəmizdə tətbiqi hesab edirəm ki, hələlik bir çox sahədə mümkün deyil. Eyni zamanda, həftəlik iş günlərinin 4 gün edilməsi o demək deyil ki, həftənin qalan 3 günü həmin sahə fəaliyyət göstərməyəcək. Əlbəttə ki, qalan günlərdə də iş olacaq sadəcə olaraq növbəlik sistemi qurulacaq. Çünki bir çox səhiyyə, hüquq-mühafizə orqanları, nəqliyyat-komunikasiya, komunal xidmətlər fəaliyyətini dayandırmır. Ölkəmizdə həyata keçirilməsi üçün əmək qanunverciliyinə dəyişiklik edilməlidir. Çünki mövcud qanunlarımız bizdə həftəlik iş saatı 40 saat olmaqla 5 və 6 günlük iş rejimini nəzərdə tutur”.
İqtisadçı Emin Qəribli: “Bu pilot layihədir. Uğurlu olarsa bizdə də tətbiq edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Türkiyə bazar iqtisadiyyatına bizdən 70 il əvvəl keçib. Qanunvericiliyə baxsaq görərik ki, orda müvafiq keçidə keçmək üçün münbit şərait yaradılıb. Bu məsələ Türkiyədə tətbiq edilsə də bizdə 10 il sonra baxıla bilər. Azərbaycanda maaşlar həftəlik hesablanırdı. Daha sonra günlük, sonra saatla hesablanmağa başladı. Belə olan halda maaşları tənzimləmək daha rahat olur. Yəni bu saatla hesablanan maaş sistemi varsa gələcəkdə bu mövzu haqqında da fikirləşə bilərik”.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı isə mövzuya münasibət bildirərkən qeyd edib: “Hazırda Azərbaycanda bu cür layihə gündəmdə deyil”.
Göründüyü kimi bu məsələ sadəcə qanunvericiliklə yox bir sıra nüasnlarla da əhatə olunur. Sistemə keçid edərkən nəzərə alınmalı bir çox məsələ var ki, hazırda Azərbaycan əmək bazarı bu məsələləri tam şəkildə təmin edə bilmir. Türkiyədə pilot layihə kimi həyata keçirilən bu layihə demək ki, Türkiyə əmək bazarının tələblərini ödəyir. Bu da Türkiyənin bizdən çox uzun illər əvvəl bu işə başlaması ilə əlaqəlidir.
Ayhan
15:09 13.09.2025
Oxunuş sayı: 904