İsrailə qarşı cəbhənin genişlənməsi ehtimalı var – GƏRGİNLİK ARTIR

İsrailin HƏMAS-ın Qətərdəki nümayəndə heyətinə hücumunu təşkilat Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib və ABŞ-ı bu prosesdə Tel-Əvivlə əlbir olmaqda ittiham edib. Hərəkatın sözçüsü Fauzi Bərhum mətbuat konfransında məsələ ilə bağlı sərt açıqlamalar verib. Bu açıqlama göstərir ki, HƏMAS İsrailin hərbi addımlarını yalnız Qəzza ilə məhdud görmür, diplomatik səviyyədə də təzyiq kimi dəyərləndirir. ABŞ-ın ittiham olunması isə regionda vasitəçilik cəhdlərinə əlavə gərginlik gətirə bilər. Bu, atəşkəs prosesini daha da çətinləşdirəcək.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az saytına açıqlama verib.
S.Hümbətov İsrailin Qətərdəki hücumunun həm ABŞ-ın nüfuzunu zəiflətdiyini, həm də Qətərin vasitəçilik rolunu sual altına qoyduğunu bildirib: “İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi son hücumu mən uzun müddətdir planlaşdırılmış və izlənmiş bir proses kimi qiymətləndirirəm. Təbii ki, burada ABŞ-ın da üzərinə müəyyən məsuliyyət düşür. ABŞ-ı bu qədər yardımları ilə ittiham edəcəklər ki, niyə belə bir şərait yaratdı? Qətərin danışıqlarda iştirakı məsələsində də müəyyən taktiki dəyişikliklərin baş verməsi ehtimalı var. Mən düşünmürəm ki, bu hücumdan sonra Qətər danışıqlarda vasitəçiliyi əvvəlki səviyyədə davam etdirə bilsin. Çünki hadisə məhz onun ərazisində baş verib. Fərqi yoxdur, hədəf HƏMAS lideri olub, ya olmayıb – əsas məsələ odur ki, hadisə Qətərdə baş verib.
Digər tərəfdən, həmin ölkədə Amerika bazalarının mövcudluğunu da nəzərə almaq lazımdır. Belə bir şəraitdə bu addımın atılması artıq Amerikanın təhlükəsizlik təminatında etibarsızlıq yaradır. O halda sual ortaya çıxır: əgər ABŞ həqiqətən təhlükəsizlik təminatı verirsə, niyə bu hücumun qarşısı alınmadı? Bu, ABŞ-ın nüfuzunu da Yaxın Şərqdə zəiflədir.
Eyni zamanda, İsrailə qarşı cəbhənin genişlənməsi ehtimalı mövcuddur. Ola bilər ki, bu açıq şəkildə bəyan edilməsin, amma Suriya, Qətər və digər bəzi ölkələrin də daxil olduğu yeni bir koalisiya formalaşdırmaq cəhdi mümkündür. Bundan əlavə, Qətər İsraillə münasibətlərinə müəyyən məhdudiyyətlər tətbiq edə və əlaqələrə yenidən baxa bilər”.
Nicat Rüstəmzadə
14:57 12.09.2025
Oxunuş sayı: 905