İlham Əliyevdən İrana dostluq mesajı – Tehranın bunu doğru dəyərləndirməsi lazımdır

26 avqustda Prezident İlham Əliyevin Əl-Ərəbiyə kanalına verdiyi geniş müsahibəsi yayımlanıb. Dövlət başçısı müsahibəsində regional və qlobal xarakterli çox önəmli məsələlərə münasibəti bildirib. Müsahibədə diqqət çəkən məqamlardan biri də cənub qonşumuz olan İranla münasibətlərimiz, Zəngəzur dəhlizi, ona Tehranın, onun təmsilçilərinin münasibətiylə bağlı səslənən tezislər idi.
Zəngəzur dəhlizi, onun istifadəyə verilməsi bölgə üçün, dünya üçün çox faydalı nəticələr gətirəcək. Bu qlobal layihəni mənfi formatda, neqativ obrazda təqdim etmək istəyən fərdlərin, dövlətlərin və təşkilatların qərəzli olduğu şəksizdir. Çünki Zəngəzur dəhlizi heç bir halda, heç bir dövlətə, xüsusilə də İrana təhlükə törətmir. Bunu Prezident İlham Əliyev müsahibəsində açıq mətnlə səsləndirdi. "Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil" - deyən dövlət başçısı cənub qonşumuzun narahatlığına əsas olmadığını vurğulayıb. Onun bu açıqlaması o deməkdir ki, Azərbaycandan, Zəngəzur dəhlizinin açılmasından İrana hər hansı təhlükə yoxdur. Bunu Azərbaycanın birinci şəxsinin deməsi, ən yüksək rəsmi tribunadan dilə gətirilməsi cənub qonşumuza ciddi bir mesaj olmalıdır. İrandan da Prezident və rəsmi şəxslər tərəfindən eyni münasibət görülməkdədir. Maraqlı və önəmli olan budur ki, cənub qonşumuzun yüksək səviyyəli legitim rəsmi nümayəndələrdən Zəngəzur dəhlizinə qarşı neqativ bəyanatlar müşahidə olunmur. Azərbaycan üçün də önəmli olan məqam budur. Məhz buna görə də Azərbaycan lideri İrandakı hansısa müşavirlərin, müşavir səviyyəsində olan şəxslərin bəyanatlarının rəsmi Bakıya təsir etmədiyini, ciddiyə alınmadığını vurğulayıb. Azərbaycan “Zəngəzur dəhlizi”ni artıq geosiyasi terminologiyaya daxil etdirə bilibsə, onu reallaşdıra da biləcək. İranda ciddi siyasi çəkisi olmayan şəxslərin və qrupların buna mane olması mümkün deyil.
Azərbaycanın və İranın legitim rəsmi nümayəndələrinin Zəngəzur dəhliziylə bağlı mövqeyinin üst-üstə düşməsini ancaq müsbət qiymətləndirmək olar. Çünki hər iki qonşu dövlətin qarşı-qarşıya gəlməsini, arasında konflikt yaranmasını istəyən, buna çalışan daxili və xarici qüvvələr mövcuddur. Həmin qüvvələr bir sıra məsələlərdən, o cümlədən də Zəngəzur dəhlizindən istifadə etməyə, bununla da süni gərginlik yaratmağa, onu münaqişəyə çevirməyə, bu situasiyadan yararlanmağa çalışırlar.
Prezident İlham Əliyevin sonrakı cavabları, iranlı həmkarı haqqında qeydləri cənub qonşumuzdakı radikal qüvvələrə tutarlı mesaj sayılmalıdır. İran Prezidenti Məsud Pezeşkianın seçildikdən sonra qonşularla, xüsusilə də Azərbaycanla münasibətdə davranışları təqdirəlayiqdir. Pezeşkian bu davranışlarıyla Azərbaycan ictimaiyyətində də böyük rəğbət qazanıb. Bu baxımdan dövlət başçımızın iranlı həmkarı haqqında səsləndirdiyi fikirlər diqqəti cəlb edir: “Bəli, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”. Məncə Pezeşkiana, onun Azərbaycanla bağlı etmək istədiklərinə bundan böyük və ciddi dəstək, mesaj ola bilməz. Rəsmi Bakı elan etdi. Əgər İran Azərbaycanla münasibətlərini müsbət məcrada, əməkdaşlıq, mehriban qonşuluq ruhunda davam etdirmək istəyirsə Azərbaycan prosesə yüksək səviyyədə dəstək verəcək.
Azərbaycan Respublikası Qarabağ problemini həll etdikdən sonra regionda, dünyada daha aktiv xarici siyasət yürütməyə başlayıb. İstər Azərbaycana məxsus olan tarixi torpaqlarımız, istərsə də soydaşlarımızın problemləri dövlətimizin, dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikası bu istiqamətdə olan məsələlərə xüsusi həssaslıq göstərir, mümkün qədər müdaxilə edir, problemlərin həllinə çalışır.
İran Prezidentinin azərbaycanlı olması, tərcüməçisiz ünsiyyət qurulması mühüm məqamdır. İlham Əliyevin bu məsələləri qabartması Azərbaycan-İran münasibətlərində yeni səhifə açılması üçün ciddi bir çağırışdır, eyni zamanda iki dövlətin dostluğuna zərər vurmaq istəyən şəxslərə də verilmiş mesajdır. Pezeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycan-İran münasibətlərini irəlilətmək, sıxlaşdırmaq üçün çalışır. Buna görə İran daxilindəki mühafizəkar qüvvələrin, radikal qrupların təhdidləri ilə də qarşılaşır. Bu isə özlüyündə çox təhlükəli və qəbuledilməz bir məsələdir. Azərbaycan lideri bu mesajıyla həmin radikal qrupların cavabını verərək Pezeşkianla həmrəy olduğunu elan edir. Bu İran Prezidentinə, onun bizimlə münasibət və davranışlarına Azərbaycanın verdiyi dəstəkdir. Əgər İranın legitim siyasi rəhbərliyi bu dəstəyi düzgün qiymətləndirib doğru addımlar atacaqsa Zəngəzur dəhlizi daha tez açılacaq, Araz yolu istifadəyə verilə biləcək, hər iki layihədən Tehran da yararlana biləcək. Əgər Cənubda Azərbaycan Prezidentinin bu mesajları doğru şəkildə dəyərləndirilərsə və praktik fəaliyyət zamanı istifadə olunarsa ortaya iki qonşu dövlətin – Azərbaycanla İranın çox gözəl siyasi-iqtisadi-nəqliyyat-ticarət və s. sahələrdə əməkdaşlığı, faydalı nəticələri çıxacaq.
Mübariz Göyüşlü
Cross Media Təhlil Mərkəzinin analitiki,
Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru
16:56 27.08.2025
Oxunuş sayı: 1077

Mübariz Göyüşlü
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru