“Azərbaycan İsrail münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi regionda sülhün güclənməsinə xidmət edir” - Deputat

Bu gün beynəlxalq siyasətdə Azərbaycan və İsrail arasındakı münasibətlər xüsusi diqqət çəkir. Tərəflər arasında əməkdaşlıq təkcə diplomatik çərçivədə məhdudlaşmır, həm də enerji, təhlükəsizlik, hərbi-texniki və kənd təsərrüfatı sahələrində özünü göstərir. Strateji tərəfdaşlıq xarakteri daşıyan bu münasibətlər regiondakı geosiyasi proseslər fonunda daha da aktuallaşır və qarşılıqlı maraqlar üzərində möhkəmlənir. Təsadüfi deyil ki, İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən, İsrail-Azərbaycan münasibətləri, həqiqətən də, strateji xarakter daşıyır deyə vurğulayıb.
Milli Məclisin deputatı Rəşad Mahmudov Crossmedia.az-a açıqlamasında İsrail-Azərbaycan tərəfdaşlığının önəmindən danışıb: “Hazırda Azərbaycanla İsrail arasında münasibətlər strateji xarakter daşıyır. Bu, təkcə diplomatik əlaqələrlə məhdudlaşmır, həm də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq üzərində qurulub. İsrail Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir, xüsusilə enerji sektorunda mühüm paya malikdir. Digər tərəfdən, Azərbaycanda yəhudi icmasının tarixi və bu gün də cəmiyyətimizdə dinc, hörmətli şəkildə yaşaması münasibətlərə xüsusi insani dəyər qatır. Azərbaycan müstəqil xarici siyasət yürüdən, dostluq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan ölkədir. İsraillə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi isə regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın güclənməsinə xidmət edir”.
Ayhan
19:32 19.08.2025
Oxunuş sayı: 552