Psixoloq: Belə bir qadının və ya kişinin həyat yoldaşı olmaq çox çətindir" - MÜSAHİBƏ

Müasir dövrdə insanların davranış və xarakter xüsusiyyətlərində müşahidə olunan dəyişikliklər, psixoloqların diqqət mərkəzində olan əsas mövzulardan biridir. Sosial münasibətlərdən ailə həyatına, iş mühitindən fərdi inkişaf prosesinə qədər bir çox sahədə bu dəyişikliklərin təsiri hiss olunur. Mütəxəssislər qeyd edirlər ki, formalaşan müəyyən xarakter tipləri bəzən insanın özünə inamını və hədəflərinə çatmaq iradəsini gücləndirsə də, digərləri ətraf mühitlə sağlam ünsiyyətə və qarşılıqlı anlaşmaya mane ola bilir. Bu isə həm fərdi, həm də ictimai müstəvidə ciddi psixoloji və sosial nəticələr doğurur.
Son zamanlar narsizm haqqında geniş danışılır. Bəs əslində narsizm nədir? Narsist insanlar necə olur?
Psixoloq Aynur İsgəndərova bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb.
- Aynur xanım, narsizm nədir?
- Son dövrlərdə narsistik xarakter xüsusiyyəti insanlarda daha çox müşahidə olunur: "İlk əvvəl qeyd edim ki, "narsizm" termininin mənşəyi barədə danışım. Bu terminin mənşəyi Yunan mifologiyasında "Narcissos" adlı tanrının öz yansımasına aşiq olması ilə başlayır. "Narsizm" nədir? Narsist insan özünü hədsiz dərəcədə sevir. Özünə hörməti yüksəkdir. Başqalarının duyğularını, hisslərini anlamaqda çətinlik çəkir və ya anlamaq istəmir. Başqa sözlə, empatiya qurma bacarığı yoxdur. Çünki ancaq özünü düşünür. Öz ehtiyaclarını ödəmək üçün başqalarından da istifadə edə bilir. Yəni yalnız onun üçün yaxşı olsun, hər şey onun üçün rahat olsun. Bir sözlə, başqalarından rahat şəkildə istifadə edə bilir. Həm şəxsi, həm iş həyatında, həyatında əldə etdiyi uğurları hədsiz dərəcədə qabardaraq başqalarının yanında öyrənməyi sevir. Bundan başqa həyatındakı insanları, o cümlədən həyat yoldaşını özündən asılı vəziyyətə salmağı və idarə etməyi sevir. Narsistlərdə çox yaxşı monopoliya bacarığı da olur. Amma narsizmin normal səviyyəsi də var.
- Narsizmin normal səviyyəsi necə olur?
- Bir insanın özünə hörmət etməsi, başqalarından özünə qarşı hörmət gözləməsi normal düşüncə tərzi, normal davranışdır. Buna normal narsizm deyirlər. Amma narsizm şəxsiyyət pozuntusuna çvriləndə qeyd etdiyim xüsusiyyətlər özünü göstərir. Narsizm şəxsiyyət pozuntusuna çevrildiyi zaman bu onun həm iş, həm şəxsi həyatında, həm də sosial mühitdə, sosial münasibətlərində çox ciddi çətinliklər yaradır və ya problemlərə gətirib çıxarır. Artıq bunda deyə bilərik ki, bu şəxsiyyət pozuntusudur. Yəni narsistik xüsusiyyətləri aşırı dərəcədədir, simptom halındadır. Daha doğrusu, narsizmin göstəricisi olan bir çox simptomu özündə birləşdirir.
- Narsizmin səbəbləri nələrdir?
- Təbii ki, bu uşaqlıq travmalarından yaranır. Məsələn birinci övladlar və ya sonbeşiklərə ailələrdə daha çox diqqət göstərilir. Hətta digər uşaqların haqlarını nəzərə almadan sırf o övladı daha üstün görürlər. Onun istəkləri, onun arzuları valideynlər üçün öndə olur. Yəni ailədə ifrat dərəcədə diqqət mərkəzində olan uşaqlar sonrakı dövrlərdə də o rolunu, ailədəki o statusunu cəmiyyətdə, sosial mühitdə qorumağa çalışır. Və bu cür xarakter xüsusiyyəti onda davamlı surətdə özünü göstərir. Digər uşaqlar isə nə ailəsi, nə də dost- tanış diqqət göstərir. Özünü sübut etmək, özünü təsdiq etmək üçün bu xarakter xüsusiyyəti onda yavaş-yavaş zamanla inkişaf etməyə, formalaşmağa başlayır.
- Bəs narsizmin müalicəsi nədir?
- CBT, yəni kognitiv-behaviorial terapiya və ya şema terapiya ilə müalicə etmək mümkündür. Düzdür, daha uzun müddətli olur. Ancaq ən azından bu xüsusiyyətləri nisbətən azaltmaq mümkündür. Amma sırf şəxsiyyət pozuntusudursa artıq, burada yenə adını çəkdiyim müəyyən terapiya üsullarından istifadə etməklə tam olmasa da, müəyyən mənada müalicə etmək olar. Çünki əgər pozuntu varsa, ümumiyyətlə tam müalicədən söhbət gedə bilməz. Ancaq müəyyən bu simptomların səviyyəsini azalda bilərik.
- Narsizmdən əziyyət çəkən insanlar gələcəkdə hansı problemlərlə üzləşirlər?
- Qadın, yaxud kişi olmasından asılı olmayaraq belə adamlar ailə həyatı qurmaq çox çətindir. Çünki onlar çox yaxşı manipulyasiya bacarıqlarına malikdirlər və istəklərini yoldaşlarına etdirə bilirlər. Özləri necə istəyirsə, həyat tərzlərini elə qururlar və öz qurduqları həyat tərzinə yoldaşından uymağı gözləyirlər. Empatiya qura bilmədikləri üçün təbii ki, cütlüklər arasında müəyyən ünsiyyət problemləri yaranır. Narsist şəxsiyyət tipinə malik adam istəyəndə bu problemi həll edir və sonra yenidən özündə göstərir. Hətta yoldaşı olsa belə, öz bacarıqlarını, uğurlarını o dərəcədə şişirdir ki, sanki partnyorunu alçaldır. Onun özünü aşağı, əksik hiss etməsinə səbəb olur. Və hətta bəzən elə olur ki, yoldaşının da uğurlarını görməməzliyə vurur. Müəyyən zamanlarda tənqid edir. Onun uğurlarını çox ciddiyə almır. Qarşı tərəfin özünü pis hiss etməsinə səbəb olur. Bu baxımdan belə bir qadının və ya kişinin həyat yoldaşı olmaq çox çətindir.
Ayhan Ağarzayev
11:32 15.08.2025
Oxunuş sayı: 1898