Soydaşımız Xədicə Zeynalovanın yaradıcılığı Almaniyanın “In Takt” jurnalında işıqlandırılıb

Almaniyanın “In Takt” jurnalının “Bəstəkarlar və onların xor əsərləri” rubrikasında Azərbaycan əsilli bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova haqqında geniş məqalə dərc olunub.
Crossmedia.az xəbər verir ki, məqalədə Xədicə Zeynalovanın əsərlərində birlik, həmrəylik və mədəniyyətlərarası dialoq ideyalarının əsas mövzulardan biri olduğu vurğulanıb. Yazıda bəstəkarın yaradıcılığı ilə müxtəlif mədəniyyətlər arasında körpü qurduğu və 20 ildir Almaniyada bu istiqamətdə uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Onun alman şairi Johann Wolfgang von Hötenin “Şərq-Qərb Divanı”ndan ilhamlanaraq 2017-ci ildə beynəlxalq tərkibli “Bridge of Sound” orkestrini yaratdığı bildirilib. Bu ansamblın əsas məqsədinin musiqi vasitəsilə mədəni körpülər qurmaq və Şərq ilə Qərb arasında dialoqu təşviq etmək olduğu oxucuya çatdırılıb.
Məqalədə, həmçinin 2021-ci ildən etibarən Xədicə Zeynalovanın təşəbbüsü ilə Almaniyada hər il “Harmony of Sound” adlı Beynəlxalq Musiqi Festivalının keçirildiyi yazılıb. Fərqli ölkələrdən ifaçıların və musiqi kollektivlərinin qatıldığı bu festivalın mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfə verdiyi qeyd olunub. Bundan əlavə, soydaşımızın Azərbaycanın xalq mahnılarını xor üçün işləyib hazırladığı və bu əsərləri müxtəlif konsertlərdə və tədbirlərdə uğurla səsləndirdiyi qələmə alınıb.
Qeyd edək ki, “In Takt” jurnalı xor musiqisi sahəsində çalışan bəstəkarlar, xor rəhbərləri və musiqiçilərlə bağlı məlumatların, yeniliklərin və təcrübələrin paylaşıldığı bir platformadır.
10:50 13.08.2025
Oxunuş sayı: 825