Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu - ŞƏRH

Azərbaycanın beynəlxalq siyasətində Birləşmiş Ştatlarla əlaqələr xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin ilk illərindən etibarən ABŞ ilə diplomatik münasibətlərin qurulması və bu əlaqələrin dinamik şəkildə inkişaf etdirilməsi ölkəmiz üçün strateji xarakter daşıyıb. İkitərəfli əməkdaşlıq təkcə siyasi sahədə deyil, eyni zamanda iqtisadi, enerji təhlükəsizliyi, humanitar və təhlükəsizlik sahələrində də özünü göstərərək qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasına zəmin yaradıb. Ölkəmizin başçısının Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər tarixiliyi ilə yadda qalacaq. İki ölkə arasında illər ərzində formalaşmış yüksək qarşılıqlı hörmət və ehtiram münasibətləri Bayden–Blinken administrasiyası dövründə müəyyən gərginliklərlə korlansa da, Prezident İlham Əliyevin Vaşinqtona dəvət olunması ilə Azərbaycan–ABŞ əlaqələri yeni mərhələyə qədəm qoydu. Bu dəvət ikitərəfli münasibətlərin strateji əhəmiyyətini və tərəflərin qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirmək iradəsini bir daha göstərdi.
Crossmedia.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın regionda dəyişən statusunu və artan siyasi çəkisini bir daha nümayiş etdirdi. Bu mərhələdə Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq müstəvidə çıxış edir. Vaşinqton üçün Azərbaycanla əməkdaşlıq təkcə enerji və iqtisadi maraqlarla məhdudlaşmır, həm də regional təhlükəsizlik, sülh və sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyan tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Bu baxımdan regionda davamlı sülhün bərqərar olunması, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində ABŞ-ın təşkilatçılığı və vasitəçilik səyləri alqışa layiqdir. Birləşmiş Ştatların bu prosesdə fəal rolu tərəflər arasında etimadın qurulmasına və davamlı əməkdaşlığın təmin edilməsinə mühüm töhfə verir. Prezident Donald Trampın “Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm” şəklində səsləndirdiyi bəyanat isə bu təşəbbüsə verilən yüksək əhəmiyyətin göstəricisi idi”, - deyə E.Bağırov vurğulayıb.
O qeyd edib ki, dövlətimizin başçısının Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən səmimiyyətlə qarşılanması və keçirilən əhəmiyyətli görüş ölkəmizin qlobal siyasi arenada artan rolunun və nüfuzunun aydın göstəricisi kimi tarixə həkk olundu: “Vaşinqtonda liderlərin üçtərəfli formatda keçirilən görüşü tarixi hadisə kimi yadda qaldı. Bu görüşdə Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu. Azərbaycan bir daha sülhə sadiqliyini və bu istiqamətdə səmimi iradəsini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticəsi olaraq qəbul edilmiş Birgə Bəyannamə Qarabağ Zəfərinin məntiqi davamı kimi Azərbaycanın diplomatik uğurları siyahısına yazıldı”.
Siyasi şərhçi bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllini uzun illər öz üzərinə götürməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu və ona bağlı strukturlar bu istiqamətdə real nəticələr qazana bilməmiş, əksinə işğal vəziyyətini möhkəmləndirməyə xidmət edən vasitəyə çevrilmişdi. Bu səbəbdən həmin formatın və əlaqəli strukturların bağlanması üçün müaricət edilməsi mühüm siyasi hadisə oldu. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı bağlantı layihəsi üzrə çərçivənin müəyyən edilməsi regionda davamlı sülh və əməkdaşlığın qurulmasına töhfələr verəcək. Birgə Bəyannamədə, həmçinin Zirvə görüşünün regionda qarşılıqlı hörmət və davamlı sülhün təşviqi baxımından möhkəm təməl yaradacağına əminlik ifadə olundu ki, bu da müsbət inkişafların başlanğıcı kimi qiymətləndirilməlidir.
“Səfər çərçivəsində ABŞ və Azərbaycan liderlərinin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu iki ölkənin strateji əlaqələrinin daha da dərinləşməsi, uzunmüddətli əməkdaşlığın inkişafı üçün mühüm siyasi və institusional baza rolunu oynayır. Bir sözlə, Prezident İlham Əliyevin Birləşmiş Ştatlara səfəri tarixi hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandan kimi döyüş meydanında ölkəsinə parlaq Zəfər qazandıran Prezident İlham Əliyev bu dəfə diplomatiya cəbhəsində də uğur əldə edərək, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini bir daha möhkəmləndirdi. Onun ABŞ-da keçirdiyi görüşlər, apardığı danışıqlar və sərgilədiyi qətiyyətli mövqe Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və güclənən nüfuzunun parlaq təzahürü oldu. Beləliklə, Prezident İlham Əliyev müasir Azərbaycanın tarixində daha bir qalibiyyət səhifəsi yazdı. Bu dəfə Vaşinqtonda, qlobal diplomatiyanın mərkəzində, dünyanın birinci ölkəsində!”, - deyə Emin Bağırov əlavə edib.
16:17 09.08.2025
Oxunuş sayı: 925