Professor: "Avropa bazarında Azərbaycan qazının həcmi artır"

"Dünya iqtisadiyyatı və Azərbaycan" (Layihənin müəllifi Rüfət Quliyevdir)
Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb.
Bu barədə “Report” "Naftogaz"ın məlumatına istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.
"Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - "Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib.
"Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik", - o əlavə edib.
Bu sazişin əhəmiyyəti barədə Crossmedia.az-a danışan Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev söyləyib ki, iyulun 28-nə qədər Azərbaycan 13 ölkəyə qaz ixrac edirdi: "Sonuncu ölkə Suriya idi. Bundan sonra isə Azərbaycan qazı Ukraynaya da gedəcək. Hələlik qaz test rejimində, yəni o qədər çox olmayan həcmlə ixrac olunacaq. Amma bu, üç ölkənin- Bolqarıstan- Rumıniya və Ukraynanın qaz xətti ilə bir- birinə bağlılığını göstərir. Artıq Avropa bazarında Azərbaycan qazının həcmi, həmçinin bizimlə əməkdaşlıq edən ölkələrin sayı sürətlə artır. Bu, Azərbaycan qaz strategiyasının coğrafiyasını artırır. Bu, böyük uğurdur. Düşünürük ki, bu tendensiya davam edəcək və Azərbaycan başqa Avropa ölkələrinə qaz ixrac edə biləcək".
Kənan Novruzov
12:39 29.07.2025
Oxunuş sayı: 1988
