Professor: "Azərbaycan energetika sahəsində strateji müttəfiqə çevrilib"

"Dünya iqtisadiyatı və Azərbaycan"( Layihənin müəllifi Rüfət Quliyevdir)
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fikirlərini bölüşüb.Dövlətimizin başçısı bununla bağlı qeyd edib:
“Onlar (Avropa İttifaqı – red.) Rusiya qazından imtina etmək niyyətindədir. Biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdəki Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt təklif etməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq”.
Dövlət başçısının səsləndirdiyi fikirlər barədə Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib: "Azərbaycan qazı artıq 13 xarici ölkəyə nəql olunur. Bizim bu ixracat xəttimizin 13-cü ölkəsi Suriyadır. Bununla əlaqədar qərar verilib. Suriyada yenə müharibə başlayıb, vəziyyət qarışıqdır. Amma siyasi razılaşma əldə olunubsa, deməli, oraya qaz ixrac olunacaq. Bizə tək Suriya yox, Suriyadan başqa Asiya ölkələri də maraqlıdır. Azərbaycan tarixən heç vaxt iqtisadi addımlarını siyasiləşdirməyib. Bu bizim ümumi xarici siyasət xəttimizdir. Təbii ki, biz xaric olunan neft və qazdan siyasi qazanc əldə etmişik. Avropa dövlətləri də neftimizdən istifadə edərkən düşünürlər ki, Azərbaycana dəstək olmalıdırlar. Bu, normal siyasətdir. İstənilən dövlət bunlardan siyasi məqsəd güdür. Bizim, həmçinin ölkələrlə xüsusi qiymət sistemi siyasətimiz var. Məsələn nəzərə alırıq ki, Gürcüstanda yarım milyon azərbaycanlı var. Çalışmaq lazımdır ki, Gürcüstan hakimiyyəti onlara daha yaxşı münasibət bəsləsin. Bu, normaldır, amma siyasi məqsəd üçün istifadə edilməməlidir. Azərbaycan Prezidenti də bu məsələ barədə dəfələrlə fikirlərini bölüşüb. Bu, bizim ümumi xarici iqtisadi konsepsiyamızdır".
Ekspert, həmçinin qeyd edib ki, Azərbaycan energetika sahəsində strateji müttəfiqə çevrilib: "Biz oyun oynamayan, inam qazanmış, beynəlxalq qiymətlərə uyğun fəaliyyət göstərən, bəzi hallarda hətta güzəştə gedən ölkədir. Azərbaycanın imkanları kifayət qədərdir. Həmçinin sirr deyil ki, bizim Türkmənistanla da türkmən qazının ixrac olunmasına dair sazişimiz var. Rusiya və İranın bu məsələyə dair narazılığı var. Guya ekoloji problemlərdən qorxurlar. Təbiidir ki, bu oyundur. Lakin Azərbaycan milli maraqlarını üstün tutub və öz siyasətini müstəqil formada, milli maraqlarını əsas götürərək həyata keçirir . Bu, gələcəkdə də belə olacaq. Biz Avrasiya məkanında kifayət qədər güclü ölkəyik, xüsusi dəst- xəttimiz var. Biz bu işlərimizi, əlbəttə, davam edəcəyik".
Ayhan
16:07 22.07.2025
Oxunuş sayı: 1842
