"Bu Britaniya səfirinin hazırlıqsız diplomat olmasından xəbər verir" - Deputat

Bugün dünyada söz və mətbuat azadlığı kimi ali dəyərlər bir çox hallarda geosiyasi məqsədlərə alət edilir. Xüsusilə də öz daxili mediasında sərt senzura tətbiq edən, jurnalistləri susduran ölkələrin başqa dövlətlərə "mətbuat dərsi" keçməsi, az qala klassik riyakarlıq nümunəsinə çevrilib. Böyük Britaniyanın Azərbaycandakı səfirinin çıxışı da məhz bu cür nümunələrdən biridir. Əgər dünyanın aparıcı gücləri söz azadlığını yalnız öz maraqları üçün istifadə edirsə, bu, artıq dəyər deyil, vasitədir. Belə çıxışlar isə nə səmimi görünür, nə də ictimai rəydə dəstək tapır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
"Dünyada söz azadlığı və mətbuat azadlığı prinsiplərinin qlobal güclər tərəfindən necə istismar olunduğunun ifşa edildiyi bir vaxtda Böyük Britaniya səfirinin söz və mətbuat azadlığından danışması bir qədər ironik və gülməlidir. ABŞ-nin prezidenti, "Amerikanın səsi" , "Azadlıq radiosu" və digər bənzər imperiya alətlərini artıq ABŞ-ə lazım olmadığını dediyindən sonra Böyük Britaniyadan gələn fikirlər, yenidən söz və mətbuat azadlığının istismar edilməsi mənasını daşıyır. Hər kəs bilir ki, imperilist mərkəzlər milli dövlətlər üzərində, milli iradə üzərində məhz mətbuat vasitəsilə təzyiq yaradaraq onlardan güzəştlər qopardır.
İctimai şüuru manipulyasiya etməklə təxribatlar, inqilablar törədirlər. Britaniya səfirinin də bu addımı onun çox hazırlıqsız diplomat olmasından xəbər verir. Dünyada baş verən geridə qaldığından xəbər verir. Bu köhnəlmiş üsulu Azərbaycan cəmiyyətinə təqdim etməyin başqa izahı yoxdur. Bu mövqeyinə görə bu səfiri öz ölkələrinə çağırıb dünyada baş verən hadisələrlə ayaqlaşa bilmədiyi üçün tənbeh edəcəklər. Yəni dolasısı ilə Britaniya səfiri imperializmin köhnə nəğməsini yeni aranjımanda təqdim etməyə çalışır. Lakin hamı bilir ki, bu mahnının orijinalı necədir".
Ayhan
15:30 19.07.2025
Oxunuş sayı: 6491