“ABŞ-nin verdiyi təklif dəyərli təklifdir, düşünülməlidir” - Deputat

Amerikalı investor Tom Barakın Zəngəzur dəhlizinin ABŞ tərəfindən 100 illik icarəyə götürülməsi ilə bağlı irəli sürdüyü fikir, həm regional siyasətdə, həm də beynəlxalq iqtisadi münasibətlərdə ciddi rezonans doğura biləcək bir təklif kimi qiymətləndirilir. Bu ideyanın reallığa çevrilməsi ehtimalı hələlik sual altında olsa da, belə bir ssenari mümkün olarsa, onun həm Azərbaycan iqtisadiyyatına, həm də Cənubi Qafqazdakı güc balansına təsiri böyük ola bilər. ABŞ-ın dəhlizə bu səviyyədə strateji maraq göstərməsi regiona birbaşa investisiya və təhlükəsizlik zəmanəti gətirə bilər, eyni zamanda Rusiyanın və İranın təsir dairəsini daralda bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib: “Artıq beş ildir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr gedir. Əsas məsələlərdən biri odur ki, bu dəhlizin təhlükəsizliyini kim təmin edəcək? İlkin danışıqlarda Rusiya faktoru var idi. Amma belə görünür ki, hər iki ölkə Rusiyanın iştirakını arzuolunmaz hesab edir. Digər tərəfdən hansısa üçüncü dövlətin cəlb olunması, hansısa şirkətin cəlb olunması, obyektiv qüvvələrin cəlb olunması məsələlərin irəliləməsinə təkan verə bilər. Çünki gec-tez bu dəhliz açılacaq və orada nəqliyyat intensiv olaraq hərəkət edəcək. Dəhlizin təhlükəsizliyinin təmini isə müzakirə predmetidir. ABŞ-nin verdiyi təklif dəyərli təklifdir, düşünülməlidir. Orda müəyyən işlər qurulsa, təhlükəsizlik təmin edilsə məncə sülh prosesi də irəli gedə bilər”.
Ayhan
16:15 15.07.2025
Oxunuş sayı: 992