Mətbuat tədqiqatçılığının Şirməmməd Hüseynov zirvəsi

150 illik yubileyini qeyd etməyə hazırlaşdığımız milli mətbuatımız zəngin tarixi ilə göz oxşayır. Bu tarixin hər bir dövrü, həmin dövrlərdə nəşr olunmuş hər bir mətbu orqanın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin zəngin xəzinəni oxuculara təqdim etmək isə mətbuat tədqiqatçılarının öhdəsinə düşən əsas vəzifələrdəndir. Bu iş də öz növbəsində, həm məsuliyyətli, həm də çətin işlərdən biridir. Çünki mətbuat tarixi ilə bağlı dərin bilgilər, təhlil bacarığı və ən əsası əski Azərbaycan-ərəb əlifbasını bilməsən bu işdə irəli gedə bilməzsən. Sadalanan nüansları nəzərə aldıqda, mətbuat tədqiqatçıları içərisində professor Şirməmməd Hüseynov həmkarlarından fərqlənməyi bacarmışdır.
Şirməmməd Hüseynov tədqiqatçılığında qeyd edilənlərlə yanaşı, obyektivlik, orijinallıq kimi xüsusiyyətləri də əlavə etmək olar. O, araşdırmaçılıq işinə hələ Moskvada aspiranturada oxuduğu illərdən başlamışdı. Müsahibələrinin birində qeyd etdiyi kimi, 1917-1920-ci illər Azərbaycan mətbuatı üzərində işləyərkən necə zəngin xəzinəyə rast gəldiyinin fərqinə varır. Həm də Bakıda bu materialları əldə etməyin mümkünsüz olduğu bir dövrdə Moskvada əlinə düşən fürsət onun üçün göydəndüşmə olur. Beləcə bu zəngin xəzinə onu təsir altına salır, onda tədqiqatçılığa böyük maraq və sevgi yaranır. Araşdırılması qadağan edilən müəlliflərin əsərlərini ərəb əlifbasından transliterasiya edərək, altında digər müəlliflərin adlarını yazır, onların realizasiyası üçün münasib vaxtı gözləyir. O, sovet illəri dövründə bir sıra kitablar nəşr etdirsə də, fəaliyyətinin qızıl dövrü müstəqilliyimizin bərpasından sonraya təsadüf edir. Şirməmməd Hüseynov təmizliyin, mənəviyyatın mücəssəməsi kimi istər sovet dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı illərdə bu keyfiyyəti hər zaman şərəflə daşımağı bacarmışdır.
Şirməmməd Hüseynov həm də böyük bir ənənənin davamçısı idi. Bu, XIX əsrin sonu XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayırdı. Həmin dövrün ziyalılarının həyat və fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırırdı. O, qurucu babalarımız, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətini yaradan və yaşadan insanların mənəvi davamçısı kimi ömür sürməyə çalışdı və deyə bilərik ki, buna nail oldu. Bu müddət ərzində M.Ə.Rəsulzadənin əsərlərinin 5 cildini, Ü.Hacıbəylinin nəşrlərdən kənarda qalmış, redaktə və ixtisar olunmuş əsərlərinin 2 cildini, “Azərbaycan” qəzetindəki Parlament hesabatlarının 3 cildini, həmçinin digər klassiklərimizin, ictimai-siyasi xadimlərimizin əsərlərinin transliterasiyasını nəşr etdirmişdir.
Təsadüfi deyil ki, Şirməmməd Hüseynovun bu sahədəki tədqqatları ictimaiyyət tərəfindən həmişə yüksək dəyər görmüşdür. Onun geniş və çoxşaxəli fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzində olmuş, alimin tədqiqatçılığı lazımi qiymətini almışdır. 24 noyabr 2013-cü ildə İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdimedilmə mərasimində iştirak edən Şirməmməd Hüseynova xitabən ölkə başçısı bu sözləri demişdir: “Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm... Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır”.
150 illik tarixə malik milli mətbuatımızla bağlı Şirməmməd Hüseynovun araşdırıb təqdim etdiyi elmi əsərlər heç zaman faydalılığını və əhəmiyyətini itirməyəcək, mətbuat tədqiqatçılığının zirvəsində öz yerini qoruyub saxlayacaqdır.
Samir Xalidoğlu (Mirzəyev)
BDU, Milli mətbuat tarixi kafedrasının müəllimi
17:01 08.07.2025
Oxunuş sayı: 1103