ABŞ və Yunanıstan Türkiyəyə qarşı birləşir: Yeni bir müharibə ehtimalı var? - ŞOK

Yunanıstan mətbuatında dərc olunan "Prioritetlər dəyişdikcə ABŞ Yunanıstandakı hərbi varlığını genişləndirir” başlıqlı analizə görə, Vaşinqton strateji obyektlərdən istifadəsini artırıb. Bu analizlərə əsasən, ABŞ-nin Yunanıstamda artan hərbi varlığı xüsusilə Krit adasındakı Souda hərbi bazası və şimal-şərqdə yerləşən Dədəağac limanı ətrafında cəmlənib. Bu strategiyanın Türkiyə ilə münasibətlərdə hansı nəticələr doğuracağı isə açıq qalır. Bu addım Türkiyə-Yunanıstan münasibətlərində gərginliyi artıracaq və Türkiyə-ABŞ əlaqələrində soyuqluğa səbəb ola bilər.
Politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlamasında ABŞ-nin bölgədə mövqeyini gücləndirdiyini, ancaq bunun Türkiyəyə təsirinin olmadığını bildirib: "Mən düşünürəm ki, ABŞ-nin ümumiyyətlə xarici siyasət konsepsiyasında yenilənmələr həyata keçirilir. Bu dəyişikliklər, xüsusilə Orta Şərqdəki bazalarına və Aralıq dənizi ətrafındakı ölkələrdən istifadə imkanlarına yönəlik artan ehtimallarla müşahidə olunur. Bu, ABŞ-nin bölgədəki strateji maraqlarını yenidən nəzərdən keçirdiyini göstərir. Türkiyə ilə bağlı isə təsir mexanizmlərinin sərbəst şəkildə tətbiq olunacağını düşünmək çətindir. Çünki Türkiyə NATO üzvü olaraq ABŞ-nin alyans çərçivəsindəki ən vacib strateji tərəfdaşlarından biridir".
A.Qurbanova vurğulayıb ki, ABŞ-nin Yunanıstandakı hərbi varlığı Türkiyəyə yönəlmiş mesaj kimi dəyərləndirilə bilər: "Bununla belə, istisna edilməyən bir fakt var ki, Yunanıstan ABŞ tərəfindən daim Türkiyə üzərində təzyiq vasitəsi kimi istifadə olunub. Bu səbəbdən ABŞ-nin Yunanıstandakı hərbi bazalarını genişləndirməsi və oradakı hərbi varlığını daha da gücləndirməsi müəyyən mənada Türkiyəyə ünvanlanan mesaj kimi dəyərləndirilə bilər. Bu addımlar birbaşa qarşıdurma məqsədi daşımaya bilər, lakin balans siyasətində istifadə olunan vasitələrdən biridir".
Politoloq proseslərə regional strateji baxışla yanaşmağın daha düzgün olduğunu qeyd edib: "Eyni zamanda qeyd etmək lazımdır ki, bu yanaşma təkcə Türkiyə ilə bağlı deyil. ABŞ-nin yenilənən xarici siyasət konsepsiyası regiondakı digər dövlətlərlə münasibətlərin tənzimlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Hadisələri yalnız Türkiyə-Yunanıstan və ya Türkiyə-ABŞ kontekstində qiymətləndirmək məsələnin bütövlükdə strateji çərçivəsini nəzərdən qaçırmaq olar. Ona görə də proseslərə daha geniş regional baxış bucağından yanaşmaq məqsədəuyğundur".
Fatimə Nəbiyeva
14:20 08.07.2025
Oxunuş sayı: 3233