Bu gün Leyla Əliyevanın doğum günüdür

Bu gün – 3 iyul, Azərbaycanın ictimai, mədəni və humanitar həyatında fəal rolu ilə tanınan Leyla İlham qızı Əliyevanın doğum günüdür. O, gənc yaşlarından etibarən təşəbbüskarlığı, yaradıcı düşüncəsi və vətənə bağlılığı ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuz qazanmış şəxsiyyətlərdən biridir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru kimi bir çox nüfuzlu vəzifələrdə fəaliyyət göstərir. O, 2007-ci ildən etibarən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə rəhbərlik edir və Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR/RAGT) sədri kimi diasporumuzun güclənməsi və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görür.
Onun təşəbbüsü ilə 2008-ci ildən başlanan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması baxımından mühüm mərhələ olub. Bu kampaniya çərçivəsində 70-dən çox ölkədə tədbirlər keçirilib, kitablar, filmlər təqdim olunub, müxtəlif ölkələrin parlamentlərində soyqırımı tanıyan sənədlər qəbul edilib.
2011-ci ildə təsis etdiyi IDEA təşkilatı isə qlobal ekoloji problemlərlə mübarizədə gəncləri səfərbər etməyi, onlara ekoloji təhsil verməyi və dünyada davamlı yaşıl dəyişiklik üçün platforma yaratmağı hədəfləyir. Bu təşəbbüs "Gələcək bizim əlimizdədir" şüarı ilə artıq beynəlxalq müstəvidə nüfuz qazanmış bir hərəkat halına gəlib.
2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının davamlılığı və sağlam ərzaq sistemlərinin təşviqi sahəsində fəaliyyətlərinə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.
Leyla Əliyeva eyni zamanda sənət və yaradıcılıq sahəsində də fərqlənir. O, həm rəssamlıqla, həm də şeir və ədəbi yaradıcılıqla məşğuldur. Paris, Berlin, London, Moskva kimi şəhərlərdə fərdi sərgilər keçirib. Onun babası – ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeiri məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə daxil edilib. Rejissorluq sahəsində də uğurlar qazanan Leyla Əliyeva bu sahədə də fəallığı ilə seçilir.
Leyla xanım təkcə ictimai və xeyriyyəçi fəaliyyəti ilə deyil, həm də vətənə sevgi, ailəyə bağlılıq və humanist dəyərlərlə dolu duruşu ilə müasir Azərbaycan qadınının örnəyinə çevrilib.
Bu əlamətdar gündə ona möhkəm can sağlığı, xoşbəxtlik, yeni yaradıcılıq uğurları və xalqımız üçün faydalı fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!
Ayhan
18:14 03.07.2025
Oxunuş sayı: 789