AMEA-da Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının nümayəndələri ilə görüş keçirilib

AMEA-da Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının nümayəndələri ilə görüş keçirilib
İyulun 2-də AMEA-nın Rəyasət Heyətinin binasında Özbəkistan Respublikasının Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşları, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndələri, Özbəkistan tərəfindən isə Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının prezidenti akademik Abdulla Menqkobilov, akademiyanın üzvü, şair, tərcüməçi, akademik Abduraxim Eşon və akademiyanın üzvü, şair, publisist, akademik Hodi Boqilov iştirak ediblər.
Əvvəlcə qonaqlarla AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin görüşü olub, Özbəkistan Respublikasının Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının üzvlük vəsiqəsi və medalı AMEA rəhbərinə təqdim edilib.
Daha sonra görüş AMEA-nın Rəyasət Heyətinin kiçik zalında davam etdirilib.
Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq münasibətlərinin tarixi köklərimizə dayandığını, müasir dövrdə isə bu əlaqələrin genişlənməsində ilk növbədə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirib. Qeyd edib ki, dahi lider hələ sovet hakimiyyəti dövründə özbək alim, şair, yazıçı və mədəniyyət xadimlərini ölkəmizə dəvət etmiş, ikitərəfli əlaqələrin genişlənməsinə çalışmışdır. Bu gün Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin qardaşlıq münasibətlərindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib. Bildirib ki, əlaqələrimizin bu səviyyəyə çatmasında başlıca amil kimi Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı dostluq, qardaşlıq münasibətləri dayanır və dövlət başçılarımızın açdığı geniş meydan elm sahəsində də münasibətlərin inkişafına təkan verir.
AMEA rəhbəri bu gün Prezident İlham Əliyevin və ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclasının keçirilməsinin münasibətlərimizin inkişaf səviyyəsini göstərdiyini deyib. Həmçinin vurğulayıb ki, Özbəkistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğaldan azad edilmiş Qarabağda ilk məktəblərdən birini, Füzulidə Mirzə Uluqbəyin adını daşıyan orta məktəbi Özbəkistan dövləti inşa etdirib.
Akademik İsa Həbibbəyli qonaqlara, həmçinin AMEA ilə Özbəkistanın elmi qurumları arasındakı əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Görkəmli özbək şairi Əlişir Nəvainin Nizami Gəncəvini, Məhəmməd Füzulinin isə Əlişir Nəvaini özünün ustadı adlandırdığını deyən AMEA rəhbəri Akademiyanın Ədəbiyyat İnstitutunda, eləcə də Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzlərinin, öz növbəsində Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərinin Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyası tərəfindən özbək dilinə tərcümə edilməsini və kitab halında nəşrini yüksək qiymətləndirib və bu addımın əlaqələrimizin möhkəmlənməsinə növbəti töhfə olduğunu bildirib.
Sonra çıxış edən Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının prezidenti akademik Abdulla Menqkobilov ilk dəfə Bakıya səfər etdiyini və ölkəmizin inkişafından məmnun qaldığını söyləyib. Özbəkistan-Azərbaycan əlaqələrinin bu gün bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən A.Menqkobilov Azərbaycanın Qarabağ Zəfərini yüksək fəxarət hissi ilə qarşıladıqlarını vurğulayıb və 2020-ci ildə yazdığı “Qarabağ” şeirini səsləndirib.
Abdulla Menqkobilov ölkələrimizin beynəlxalq arenada bütün sahələrdə bir-birlərinə dəstək verdiyini, elmdə, mədəniyyətdə əlaqələrin genişlənməsində bu sahədə alim və mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
O, rəhbərlik etdiyi akademiya tərəfindən görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərinin özbək dilinə tərcümə olunaraq çap edildiyini və əlaqələrimizin genişlənməsi istiqamətində bu kimi tədbirlərin davam etdiriləcəyini söyləyib, yeni nəşri akademik İsa Həbibbəyliyə təqdim edib.
Daha sonra Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının üzvləri, akademiklər Abduraxim Eşon və Hodi Boqilov çıxış edərək ölkəmizə, ədəbiyyatımıza, mədəniyyətimizə olan sevgiləri ifadə edib, özlərinin müəllifi olduqları şeirləri səsləndiriblər.
Həmçinin görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Fəridə Əzizova, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və şair, tərcüməçi Şahməmməd Dağlaroğlu çıxış edərək ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərindən, elmi əlaqələrimizin inkişafından danışıblar.
Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və akademik Abdulla Menqkobilov imzalayıblar.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
20:45 02.07.2025
Oxunuş sayı: 748