PKK silahı yerə qoyur: Təşkilat özünü buraxır

PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın çağırışından və təşkilatın özünü buraxması ilə bağlı qərarından sonra təşkilat üzvləri silahları təhvil verməyə başlayıblar.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ANKA informasiya agentliyinin dünən yaydığı məlumata görə, İraq Kürdüstanının Süleymaniyyə şəhərində PKK-nın liderlərindən biri olan Mustafa Karasunun iştirakı ilə təşkilatın silahları müvafiq orqanlara təhvil verəcəyi rəsmi mərasim planlaşdırılır.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının yaxın günlərdə Ərbilə etdiyi səfər bu prosesin gerçəkləşmə ehtimalını daha da gücləndirib.
Bu gün səhər saatlarında verilən başqa bir məlumata görə, İraqın şimalındakı Qara bölgəsində mağaralarda gizlənən 20 nəfərlik ilk PKK qruplaşması üzvü könüllü şəkildə Türkiyə Silahlı Qüvvələrinə təslim olub.
Gözləntilərə görə, gələn həftə – iyulun 8-9-da bu mövzu ilə bağlı daha bir önəmli hadisə baş verəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK-nın siyasi qanadı hesab edilən DEM/HDP partiyasının nümayəndə heyəti ilə görüşü planlaşdırılır.
“Gələn həftə DEM nümayəndə heyəti ilə görüşəcəyəm. ‘Terrorizmsiz Türkiyə’ mövzusu ilə bağlı müzakirə etmək istədiyimiz bəzi məsələlər var" – deyə Prezident Ərdoğan bildirib.
Yaxın günlərdə PKK-nın tam şəkildə silahı yerə qoyduğunu bəyan edəcəyi rəsmi mərasimin və ya ictimai açıqlamanın yayımlanacağı gözlənilir.
Fatimə Nəbiyeva
19:07 02.07.2025
Oxunuş sayı: 870