Ərdoğan Azərbaycana gəlir: Gündəmdə hansı məsələlər var? - Deputatdan maraqlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri iki ölkə arasındakı strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində regional təhlükəsizlik, enerji əməkdaşlığı və Zəngəzur dəhlizi kimi mühüm məsələlərin müzakirəsi gözlənilir. Bu görüş həm də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Bakının və Ankaranın mövqelərinin koordinasiyasına töhfə verə bilər.
Mövzu ilə bağlı Deputat Elşad Musayev Crossmedia.az-a açıqlama verib. Deputat əvvəlcə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və bunun regional və qlobal faydaları haqda danışıb: "İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələr arasında ticarət dövriyyəsi təxminən 80 milyard dollara yaxındır. Əgər bu ölkələr arasında iqtisadi əlaqələr – yəni yükdaşıma, idxal-ixrac, istehsal və birgə istehsal kimi sahələr inkişaf etdirilsə, bu, yalnız İƏT-ə daxil olan ölkələrə deyil, digər dövlətlərə də mühüm fayda verə bilər. Burada bizə yaxın olan və qardaş sayılan ölkələrin – xüsusilə Türkiyə, Pakistan və Orta Asiya respublikalarının – iştirakı bu əməkdaşlığı daha da cəlbedici edir".
E.Musayev Türkiyə Prezidentinin Azərbaycana son səfərini xatırladıb və növbəti dəfə də ölkəmizə gəlməsinin əhəmiyyətini vurğulayıb: "Türkiyə Prezidenti bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onun növbəti dəfə ölkəmizə gəlməsi həm konkret bir sammitlə bağlıdır, həm də bölgədə və dünyada baş verən proseslərə Azərbaycanla birlikdə qiymət verilməsinin göstəricisidir. İki ölkənin atdığı addımlar razılaşdırılmış şəkildə, ölçülüb-biçilərək həyata keçirilir. Bu da tərəfdaşlığın strateji dərinliyini göstərir".
Elşad Musayev qeyd edib ki, bu səfər yalnız iqtisadi əməkdaşlıq kontekstində deyil, eyni zamanda Azərbaycana birbaşa siyasi və mənəvi dəstəkdir: "Hazırkı dövrdə, xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşdiyi bir zamanda Türkiyə Prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. Bu səfəri yalnız iqtisadi əməkdaşlıq kontekstində deyil, eyni zamanda Azərbaycana birbaşa siyasi və mənəvi dəstək jesti kimi də qiymətləndirmək olar. Qardaş ölkənin bu addımı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir".
Ayhan
14:29 02.07.2025
Oxunuş sayı: 1174