"Azərbaycanda polis əməkdaşları hər zaman vətəndaşların qayğısına qalır" - DEPUTAT

Azərbaycan polisi uzun və şərəfli bir inkişaf yolu keçərək bu gün ölkənin ictimai asayişinin, təhlükəsizliyinin və qanunçuluğunun başlıca təminatçılarından birinə çevrilmişdir. Cinayətkarlıqla mübarizə, hüquq qaydasının qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi kimi məsuliyyətli vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən Azərbaycan polisləri, eyni zamanda müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində dayanan güc strukturudur. Müstəqil Azərbaycanın hər bir uğurunda, sabitlik və əmin-amanlığında onların əməyi, fədakarlığı və cəsarəti danılmazdır.
Milli Məclisin deputatı Fariz İsmayılzadəAzərbaycan Polis Günü ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Bütün polis əməkdaşlarını peşə bayramı ilə bağlı təbrik edirəm. Onlara fəaliyyətlərində uğurlar arzulayıram. Bu gün Azərbaycanda sabitliyin olması polislərimizin asayişin keşiyində dayanmasının nəticəsidir. Sədaqət və cəsarətlə vətənə xidmət edən polislərimiz bütün ölkə ərazisində nizam intizamın qorunmasına xidmət edir. Peşəkar fəaliyyətləri ilə yanaşı, polis əməkdaşları hər zaman vətəndaşların qayğısına qalır, insanlara çətin vəziyyətlərdə, hansısa qəzalı vəziyyətdə yardım edirlər. Bir daha bütün polislərimizi təbrik edir, uğurlar arzulayıram”.
Ayhan
14:28 02.07.2025
Oxunuş sayı: 1066