Almaniyada elektrik şirkətində bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Almaniyanın cənubunda yerləşən elektrik şirkətlərindən birində baş vermiş bıçaqlı hücum nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə ağır yaralanıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, hadisə iyunun 25-də səhər saatlarında Bavyera əyalətinin Mellrixştadt (Mellrichstadt) qəsəbəsindəki “Ueberlandwerke Rhön” adlı şirkətdə qeydə alınıb. Yerli polis açıqlamasında qeyd edib ki, hücum işçilər arasında baş vermiş mübahisə zamanı “kəskin alətdən istifadə olunması” ilə başlayıb. Hadisə yerində 21 yaşlı alman vətəndaşı saxlanılıb.
Rəsmilər hadisənin arxasında hər hansı siyasi və ya terror motivinin olmadığını bildiriblər. Hücumun ardından ictimaiyyət üçün təhlükə olmadığı da qeyd edilib.
Polisin verdiyi məlumata görə, hücum nəticəsində 59 yaşlı bir qadın həyatını itirib. Daha iki nəfər – 55 və 62 yaşlı kişilər – ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Alman mediasının yazdığına görə, həlak olan qadının bədəninin yuxarı hissəsində və boynunda çoxsaylı bıçaq yaraları aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Fatimə Nəbiyeva
00:10 02.07.2025
Oxunuş sayı: 758