Azərbaycan BMT-nin qlobal konfransının vitse-prezidenti seçilib

Azərbaycan BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransına (FFD4) qatılıb.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanı Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinə Azərbaycan maliyyə nazirinin birinci müavini, İspaniyadakı səfir, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin məsul vəzifəli şəxsləri daxildir.
Eyni zamanda COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi iştirak edir.
İlk iş günündə konfransın prezidenti və digər seçkili orqanlarına keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri konfransın vitse-prezidentlərdən biri olaraq seçilib.
Hər 10 ildən bir keçirilən 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirak etdiyi BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransı dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək üçün maliyyə resurslarının, siyasətlərin və beynəlxalq əməkdaşlığın səfərbər edilməsi və uzlaşdırılması üzrə qlobal platformadır. İlk dəfə olaraq Avropa ölkəsində baş tutan konfransın gündəliyinə borcun idarə edilməsi və yeni islahatların təşviqi, beynəlxalq vergitutma prosesində vergidən yayınma hallarını aradan qaldırmaq üçün çərçivə və konvensiyaların təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə inkişaf üçün maliyyələşmələr arasında qarşılıqlı inteqrasiya kimi mövzular daxildir.
10:14 01.07.2025
Oxunuş sayı: 801