26 İyun – Qürurun, gücün və dövlətçilik ruhunun təcəssümüdür

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü, sadəcə bir təqvim tarixi deyil, hər bir vətənpərvər azərbaycanlının qəlbində dövlətə sədaqət, orduya qürur hissi oyadan müqəddəs gündür. Bu tarix 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla rəsmi şəkildə dövlət bayramı statusu almış və o vaxtdan etibarən ordu quruculuğunun simvolik zirvəsi kimi qeyd olunur. Müstəqilliyimizin, təhlükəsizliyimizin və ərazi bütövlüyümüzün təminatçısı olan Azərbaycan Ordusu bu gün təkcə Qafqazın deyil, bütün regionun ən güclü və ən müasir ordularından biri sayılır. Hərbi Hava, Dəniz və Quru Qoşunlarından ibarət olan Silahlı Qüvvələrimiz istər müdafiə, istərsə də hücum potensialı baxımından tam şəkildə formalaşmış, çevik və texnoloji ordudur. Hökumətin ardıcıl siyasəti nəticəsində hərbi büdcə ilbəil artır, texnika yenilənir, zabit və əsgər heyətinin peşəkarlığı yüksəlir.
Azərbaycan Ordusu öz gücünü ən parlaq şəkildə 2020-ci ildə – 44 günlük Vətən müharibəsində nümayiş etdirdi. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, strateji komandanlıq bacarığı və siyasi iradəsi bu müharibənin gedişində həlledici rol oynadı. O, beynəlxalq təzyiqlərə baxmayaraq, xalqın istəyi və ordunun gücünə arxalanaraq haqq savaşını sonadək aparmağı bacardı. Döyüş meydanında qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz cəbhədə, Ali Baş Komandan isə informasiya və diplomatik cəbhədə mübarizə apardı. Hər bir qələbənin arxasında mükəmməl koordinasiya, planlı hərəkət və siyasi iradə dayanırdı. Prezidentin “Qarabağ Azərbaycandır!” şüarı yalnız söz olaraq deyil, əməli şəkildə reallığa çevrildi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri həm ərazi bütövlüyümüzü təmin edən zəfərin müəllifi, həm də bölgədə sülhün və sabitliyin qarantı rolundadır. Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımız artıq azaddır və bu tarixi ədaləti bərpa edən əsas güc məhz ordumuz olub. İlham Əliyev Vətən müharibəsindən sonra da ordu quruculuğuna diqqəti artıraraq, yeni hərbi hissələrin yaradılması, işğaldan azad olunmuş ərazilərdə hərbi bazaların qurulması, əsgər və zabitlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atır. 26 İyun – Silahlı Qüvvələr Günü, bu baxımdan yalnız keçmişin şanlı səhifəsi deyil, həm də gələcəyin güclü, müasir və suveren Azərbaycanının əsas təminatçısı olan ordumuzun bayramıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a Azərbaycan Ordusunun mövcud gücündən və dünyadakı yerindən danışıb:
“Azərbaycan Silahlı Qüvvələri bu gün, 21-ci əsrdə hərb tarixinin ən modern səhifəsini yazmış milli güc vahididir. Bu gün Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son 200 illik tariximizdə əldə edə bilmədiyimiz ən mühtəşəm zəfəri əldə etməyi bacarıb. Və bununla belə həm də regionda sülh yaratmağa qadir olan güc kimi özünü tanıdıb. Ancaq, əlbəttə ki, biz bu tarixi zəfərə Silahlı Qüvvələrimizin belə qüdrətli olmasına bir gündə gəlməmişik. Müstəqilliyimizi əldə etdikdən sonra Böyük Dövlət Xadimi, Ulu Öndər Heydər Əliyev hər şeydən öncə, tariximizin çox çətin günlərində, torpaqlarımızın işğal altında olduğu bir vaxtda vahid komandanlığa tabe olan nizami ordu qurmağa başladı. Və ötən illər ərzində Azərbaycan Ordusu çətin sınaqlardan keçərək mətinləşdi, yüksək səviyyəli ali komanda heyəti formalaşdıra bildi. Müzəffər Ali Baş Komandanımızın dövründə Azərbaycanda ilk dəfə hərbi sənaye yaradıldı. Özü-özünü təchiz edən və döyüşmək qabiliyyəti əldə edən bir ordu formalaşdırıldı və nəticədə biz bu gün dünyanın ən güclü ordu sıralarına daxil olan möhtəşəm bir ordu yaratdıq. Ona görə də bu gün hər bir azərbaycanlının Silahlı Qüvvələrimizlə öyünmək haqqı var”.
Deputat həmçinin qeyd edib:
“Ordumuz torpaqlarımızı işğaldan azad edib, amma eyni zamanda mövcud gücündən qaydalar və müharibə qanunları çərçivəsində istifadə edərək, 30 il torpaqlarımızı işğalda saxlayan, bizə qarşı vandalizm və soyqırımı törədən başqa bir ölkənin, yəni Ermənistanın ərazisinə keçmədən sülh simvoluna çevrilə bilər. Əgər bu gün də Cənubi Qafqazda müharibə baş vermirsə, bu gün – müharihədən beş il keçdikdən sonra – ermənilər hələ də cəsarət edib Azərbaycana qarşı təxribatlar törədə bilmirsə və yaxud yeni müharibə başlada bilmirsə, bu da ordumuzun gücü ilə bağlıdır. Ona görə də bu gün – Silahlı Qüvvələr Günü, 26 iyun – milli bayramımızdır və hər bir azərbaycanlının, hər bir sülhsevər insanın bayramıdır”.
Ayhan
14:50 25.06.2025
Oxunuş sayı: 2629