İtaliya mediası Azərbaycandan yazıb

İtaliya mətbuatı Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimini diqqət mərkəzində saxlayıb.
Crossmedia.az xəbər verir ki, ANSA, “Formiche”, “Corriere dell Economia”, “Energia Italia”, “Borsa Italiana”, “La Provincia Unica”, “Industria Italiana”, “Meteoweb”, “Agenzia Nova” kimi saytların yaydığı materiallarda elektrik stansiyasının açılış mərasiminin iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun iştirakı ilə keçirildiyi bildirilir. Qeyd olunur ki, stansiyanın inşasında İtaliya və Çin şirkətləri iştirak edib. Stansiyada İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən təchiz olunmuş 4 ədəd müasir qaz turbini və generatorlar quraşdırılıb. “Ansaldo Energia”nın təmin etdiyi AE94.3A qaz turbinləri yüksək istismar çevikliyi, etibarlılığı və sərfəliliyi ilə fərqlənir. Bu avadanlıqlar sayəsində karbon qazı emissiyalarında ciddi azalma və təbii qaz istehlakında böyük qənaət əldə olunacaq. Şirkətin stansiyada quraşdırdığı 2000 meqavatlıq enerji imkanına malik olan qurğu keçmişlə müqayisədə havaya atılmaları 50 faiz azaldacaq. Eyni zamanda, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavat olduğu diqqətə çatdırılır.
Yazılarda İtaliya ilə Azərbaycan, o cümlədən “Ansaldo Energia” və “AzərEnerji” arasındakı əməkdaşlıqdan bəhs olunur, COP29 çərçivəsində iki şirkətin anlaşma memorandumu imzaladığı xatırladılır. Həmçinin strateji əhəmiyyətə malik TAP boru kəmərindən və qaz kəmərinin ötürücülük gücünün ikiqat artırılmasının əhəmiyyətindən bəhs olunur, İtaliya ərazisindən Avropaya daxil olan Azərbaycan qazının 10 Avropa ölkəsinə çatdırıldığı bildirilir.
13:40 25.06.2025
Oxunuş sayı: 592