ABŞ İrana qarşı savaşa qatıla bilər - ŞOK

Yaxın Şərqin gündəmini son günlərdə İran və İsrail arasında alovlanan yeni münaqişə zəbt edib. Regionun iki güclü dövləti arasında baş qaldıran gərginlik təkcə tərəfləri deyil, bütün Orta Şərqi və onunla strateji bağlı olan bölgələri də narahat edir. Hər iki ölkənin hərbi və siyasi potensialı qarşıdurmanın miqyasını böyüdür və prosesin idarəolunmaz vəziyyətə keçməsi ehtimalını artırır. Lakin bu fonda maraqlı məqam ABŞ prezidenti Donald Trampın sərgilədiyi arxayın mövqedir. O, açıqlamasında bildirib ki, “İsrail və İran, çox güman ki, döyüş əməliyyatlarını dayandırmaq barədə razılığa gələcəklər”. Vaşinqtonun bu rahatlığı və ABŞ-İsrail münasibətlərinin xüsusi xarakter daşıması münaqişənin planlaşdırılmasında ABŞ-nin dolayı iştirakına inanmağa vadar edir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib: “Hazırda ABŞ, İsrail və İran arasındakı münaqişənin qısa zamanda dayandırılmasında maraqlıdır. Çünki Ukrayna savaşına paralel olaraq ikinci belə bir münaqişə ocağının yaranması ABŞ üçün qlobal məkanda olduqca ciddi yükdür. ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında savaşın dayandırılması ilə bağlı dedikləri qətiyyən reallıqdan uzaq deyil. Çünki İsrail Yaxın Şərqdə bütün fəaliyyətini ABŞ ilə razılaşdıraraq istiqamətləndirir. İrana qarşı İsrailin hərbi əməliyyatları da birbaşa Ağ Evdən razılıq alındıqdan sonra atılmış addımdır. Qətiyyən şübhə doğurmur ki, ABŞ və İsrail bu savaşı İrana qarşı birgə planlayıblar. Əgər savaş nəzarətdən çıxarsa o zaman ABŞ də bu savaşa qatıla bilər. Savaş dayandırılarsa bu zaman İsrail tərəfindən irəli sürülən təklif və tələblər birbaşa ABŞ-nin tələb və təklifləri olacaq. Bu da heç şübhəsiz ki, İranın nüvə proqramının təmamilə ləğv edilməsidir”.
Ayhan Ağarzayev
17:28 16.06.2025
Oxunuş sayı: 1194