Azərbaycan və daha dörd ölkənin XTQ-ləri bir araya gəlir - Polkovnik danışdı

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan
və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə cari ilin
sentyabr ayında Azərbaycanda keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli
təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıda keçirilən konfransda
iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri
müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları
cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı
və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin praktiki mərhələsi üçün ətraflı
planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar
müzakirə edilib.
Konfransda, həmçinin hərbi əməkdaşlıq və
təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.
Qeyd edilib ki, “Sonsuz-Qardaşlıq-IV”
çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini
artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədi
daşıyır.
Gözlənilən təlimlər
barədə Crossmedia.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, son zamanlar Turan xətti ilə hərbi əməkdaşlıq güclənir: “İkitərəfli və
çoxtərəfli formatda təcrübə mübadiləsi aparılır. Azərbaycan bu prosesdə xüsus
yer tutur. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsində qazanaılan zəfərdə
Azərbaycan xüsusi təyinatlılarının müstəsna rolu olmuşdu. Onların şücaəti fərqli
ölkələrin hərb akademiyalarında tədris olunur. Yəni Azərbaycan ordusu, o cümlədən
XTQ-si həmişə diqqətdədir. Türkiyə və Pakistan xüsusi təyinatlıları da kifayət
qədər peşəkardır. Düşünürəm ki, üçtərəfli təcrübə mübadiləsi effektiv olacaq,
qarşıya qoyulan tapşırıqlar yerinə yetiriləcək”.
Kənan Novruzov
13:01 11.06.2025
Oxunuş sayı: 1120