Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından narahat olan qüvvələr var

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti “Sarsılmaz Qardaşlıq” təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Bu cür birgə hərbi təlimlər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının güclənməsinə və regiondakı təhlükəsizlik balansına necə təsir göstərir? Crossmedia.az olaraq, sualımıza cavab almaq üçün hərbi ekspert Ədalət Verdiyevə müraciət etdik.
Ədalət Verdiyev söyləyib ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq müsbət dinamika üzrə inkişaf etməkdədir. O, Vətən Müharibəsi başa çatdıqdan sonra imzalanan “Şuşa Bəyannaməsi”nin hər iki qardaş ölkənin bir çox sahələrdə, o cümlədən hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Ə. Verdiyev əlavə edib ki, Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq birmənalı olaraq regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə hesablanıb. O, bu əməkdaşlığın heç bir kənar qüvvələrə qarşı yönəlmədiyini vurğulayıb. "Lakin eyni zamanda da Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasındakı əməkdaşlıq qarşılıqlı əlaqənin gücləndirilməsinə, mümkün təhdidlərin birgə aradan qaldırılmasına hesablanıb" - deyə, sonda vurğulayıb.
Fatimə Nəbiyeva
16:25 10.06.2025
Oxunuş sayı: 14071