ABŞ-də böhran yaradan mübahisəli qanun layihəsi: Trampla Mask üz- üzə - Professorla müsahibə

ABŞ prezidenti Donald Tramp bildirib ki,
milyarder İlon Mask Respublikaçıların
büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə,
ciddi nəticələrlə üzləşəcək.
Bu barədə Ağ Ev rəhbəri “NBC News”a
telefonla müsahibəsində bildirib.
“Əgər bunu etsə, bunun əvəzini ödəməli
olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.
Bundan əvvəl Tramp və Mask arasında
ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər.
Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.
Məlum
olduğu kimi, tərəflər arasında bir müddət gərginlik hökm sürür. Buna əsas səbəb kimi büdcə layihəsi
göstərilir. Amma məsələ bununla kifayətlənmir. Ola bilsin, Mask həm də Trampın
xarici siyasətindən narazıdır.
Siyasi böhrana səbəb olan layihə və
daxili qarşıdurma barədə Milli Məclisin dörd çağırış deputatı, iqtisadçı,
professor Rüfət Quliyev Crossmedia.az-a müsahibə verib:
- Trampın təqdim etdiyi yeni büdcə təklifi nədən ibarətdir və onun mahiyyəti nədir?
– - Əslində burada söhbət heç də bir şəxsiyyətdən – Tramp və ya Maskdan getmir. Burada söhbət böyük maliyyə qurumları və onların maraqları arasında davam edən mübarizədən gedir. ABŞ-nin daxilində böyük ziddiyyət var və bu ziddiyyətin nəticəsi maliyyə böhranına gətirib çıxara bilər. Hazırda hərbi xərclər ABŞ-də təxminən 950-960 milyard dollardır. Trampın təqdim etdiyi proqram isə tam müdafiə üçün bir trilyon dollar tələb edir. Bu, bir neçə ilə reallaşa bilər. Amma ciddi problemlərlə nəticələnməsi də mümkündür.
- Bəs bu təklif niyə bu qədər ciddi narahatlığa səbəb oldu?
– Çünki ABŞ-nin xarici borcu artıq 37 trilyona
yaxınlaşıb. Bu, ölkənin daxili ümumi məhsulunun 105 faizindən çoxdur. Artıq bu
borcu qaytarmaq mümkün deyil, yalnız faizlərini ödəməkdən söhbət gedir. Yəni
burada söhbət “yorğan davası”ndan gedir – hansı maliyyə qurumu daha güclüdürsə,
maliyyəyə nəzarət də onun əlində olacaq. Bu proseslər ABŞ xalqının mənafeyi və
ya dünyada sülh naminə aparılmır. Böyük oyunçuların öz maraqları, öz planları
var.
-Sizcə, bu təklif qəbul olunacaqmı?
– Bunu proqnozlaşdırmaq çox çətindir. Hər şey güc balansından asılıdır. Hansı maliyyə qrupu üstün gələrsə, o da nəzarəti ələ alacaq. Bu yalnız ABŞ üçün deyil, dünya üçün də keçərlidir.
- - Təklif qəbul olunarsa, bu
ABŞ-ın iqtisadiyyatı və siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
–
Bu gün Trampla Maskın qarşıdurması, Respublikaçılarla Demokratların rəqabəti
diqqət mərkəzindədir. Amma bu şəxslər ABŞ və dünya iqtisadiyyatını idarə etmir.
Onların da üzərində duran böyük maliyyə qrupları var. Vaxtilə deyirdilər ki, üç
yüz nəfərlik komitə dünyanı idarə edir. Əgər büdcə layihəsi qəbul olunarsa, bu,
üçüncü dünya ölkələri üçün heç bir müsbət nəticə verməyəcək. Əksinə, Çinlə
iqtisadi müharibə daha da dərinləşə bilər.
- - Tramp və Mask arasındakı
qarşıdurma sizcə nə ilə nəticələnəcək?
– Bu mübarizənin əsası da, sonu da, məğzi də
maliyyədir, qazancdır. Bu gün dünyada yalnız bir neçə deyil, iyirmidən çox nöqtədə
gərginlik var və istənilən anda yeni müharibələr başlaya bilər. Bütün bunlar
silah istehsalı və silah ticarəti ilə bağlıdır. Böyük qüvvələr yalnız qazancı
düşünür. Ümumiyyətlə, bazar iqtisadiyyatının kökündə qazanc dayanır.
Zəhra Ağayeva
15:02 09.06.2025
Oxunuş sayı: 1247