Bakıda QDİƏT-in problemlərinə dair məsləhətləşmələr keçirilib

İyunun 2-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının problemlərinə dair məsləhətləşmələr keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya tərəfini məsləhətləşmələrdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski, Azərbaycanı isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov təmsil edib.
Görüşdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, həmçinin regionun iqtisadi artım və inkişaf potensialına malik olduğu vurğulanıb.
Tərəflər nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, enerjinin ətraf mühitə təsirlərinin azaldılması nəzərə alınmaqla, bu sahədə təhlükəsizliyin təmin olunması ilə bağlı da geniş fikir mübadiləsi apararaq, hər iki ölkənin birgə layihə və təşəbbüslərin dəstəklənməsi məsələsində ortaq mövqeyə malik olduğunu bəyan edib.
Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əsas regional dialoqun davam etdirilməsi, eləcə də təşkilatın effektiv fəaliyyətinin təminatı üçün diskusiyanın siyasiləşdirilmə səviyyəsinin azaldılması üzrə birgə səylərin göstərilməsi niyyəti vurğulanıb.
Rusiya tərəfi rəsmi Bakının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi son altı ay ərzində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Hər iki ölkənin rəsmiləri Azərbaycanın Sədrliyinin uğurla başa çatdırılması üçün bundan sonra da əməkdaşlığın həyata keçirilməsinə razılaşıblar.
18:13 05.06.2025
Oxunuş sayı: 1013