Azərbaycan teatrı bugünkü zamanda

Bir zamanlar axşamlar teatrların qarşısında uzun növbələr olardı. İnsanlar bir bilet üçün saatlarla gözləyər, foyedə pıçıldayan səslər, tamaşa zalında isə nəfəs belə alınmayan sakitlik hökm sürərdi. İndi isə… Həmin foyelər daha çox sükutun səsi ilə doludur.
Azərbaycan teatrı niyə əvvəlki kimi tamaşaçı ilə nəfəs almır?
Mədəniyyət Nazirliyinin son məlumatına görə 2023-cü ildə ölkə üzrə dövlət teatrlarının ümumi tamaşaçı sayı təxminən 540 min nəfər olub. Halbuki 2010-cu illərin əvvəllərində bu rəqəm 800 minin üzərində idi. Ən yüksək tamaşaçı axını isə Yeni İl və Novruz bayramları ərəfəsində qeydə alınır, bu da teatrın təntənəli gündə xatırlanması, lakin gündəlik mədəni həyatın bir hissəsi olmamasını göstərir.
Teatr hələ də canlıdır
Rejisor Tofiq Kazımov demişkən, “Teatr ölməyib. Sadəcə, tamaşaçının gözündə yuxuya gedib".
Bəli, əslində teatr tam ölməyib. Son illərdə "YUĞ", "Azərbaycan Dövlət Pantomim Teatrı", "Aydın Məmmədov adına Gəncə Dövlət Dram Teatrı" kimi sənət ocaqları yeniliklərə can atır. Yeni rejissorlar, eksperimental səhnələr, gənc aktyorlar... Bütün bunlar teatrın dirçəlişini göstərən işartılardır.
Bəs onda niyə bu teatrlar dolmur?
Zamanla tamaşaçı da dəyişib. Müasir insan daha çox vizual sürət, dinamiklik və interaktivlik istəyir. Teatr isə klassik ritmini saxlayır. Netflix bir kliklə hər kəsin evindədir, amma teatr üçün bileti almaq, zala gəlmək, vaxt ayırmaq tələb olunur. Üstəlik, teatrlar bəzən öz repertuarlarında gəncliyi yaxalaya bilmirlər, ya köhnə sovet estetikası ya da “təhlükəsiz oyunlar” repertuarı. Yazıçı-dramaturq Elçinin fikrinə görə teatr o zaman güclü olur ki, zamanla mübahisə etməyi bacarır.
Bəs bu marağı necə oyadaq?
Əslində teatrın bərpası üçün sual təkcə bu olmamalıdır: “Tamaşaçı niyə gəlmir?”
Əsl sual budur: “Teatr tamaşaçının qapısını necə döyə bilər?”
Bəlkə, teatr küçəyə çıxmalı, məktəblərdə, universitetlərdə canlı performanslarla tanıdılmalı, sosial mediada vizual estetikasını dəyişməlidir? Yaxud gənc dramaturqlara daha çox yer verilməli, texnologiya ilə teatr arasında körpülər qurulmalıdır?
Teatr səhnədir. Səhnə isə canlı nəfəs tələb edir. O nəfəs bu gün azalsa da, hələ bitməyib. Bəlkə də, bu səssizlik yeni bir doğuluşun əlamətidir, əgər doğru sualları verə bilsək.
"Teatr – bir nəfəsdir, bir baxışdır. İtirsək, təkcə sənəti yox, özümüzü də itirərik.”
Rafiq Əliyev, teatr tənqidçisi
Ayan Sədi
16:45 31.05.2025
Oxunuş sayı: 1682