“Ermənistan bu dəfə də səhv eləsə, mövcudluğu sual altında qalacaq” - Hərbi ekspert

Bu gün Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi Xudaverdi Sadıqov piyada əleyhinə minaya düşərək ağır yaralanıb. Bu hadisə bir daha göstərir ki, Ermənistanın mina terroru davam edir.
Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a geniş açıqlama verib.
E.Həsənlinin sözlərinə görə, Ermənistan heç vaxt səmimi olmayıb və tarix boyu üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. O bildirib ki, bu vəziyyət nə Çar Rusiyası dövründə, nə də Sovet hakimiyyəti illərində dəyişməyib. 1905–1907-ci illər, eləcə də 1918-ci il hadisələri zamanı ermənilər hər zaman yaranan fürsətdən istifadə edərək Azərbaycan torpaqlarını işğal etməyə çalışıblar.
Ekspert vurğulayıb ki, Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan mina xəritələrinin olmadığını iddia etsə də, sonradan təqdim edilən xəritələrin cəmi 20–25 faizinin real mina sahələri ilə üst-üstə düşdüyü məlum olub. Onun sözlərinə görə, Ermənistan tərəfinin bu məsələ ilə bağlı yalan danışdığı artıq sübuta yetirilib.
E.Həsənli qeyd edib ki, mina xəritələri hərbi sistemdə xüsusi qaydalarla tərtib olunur. Xəritələr üç nüsxədə hazırlanır – biri hərbi hissənin, digəri birləşmənin, üçüncüsü isə baş qərargahın arxivində saxlanılır. Bu baxımdan, “Ermənistanda mina xəritələri yoxdur” bəyanatı tamamilə əsassızdır: “Əgər xəritələr yoxdursa, bəs niyə rus sülhməramlıları və erməni hərbçiləri həmin ərazilərdə minaya düşmür, amma azərbaycanlılar həlak olur?”
Ekspert bildirib ki, Ağdam–Füzuli istiqamətində 90 minə yaxın mina basdırılıb və bu ərazilər hazırda dünyada Əfqanıstandan sonra mina ilə ən çox çirklənmiş ikinci sahədir. Onun fikrincə, Ermənistanın əsas məqsədi həmin torpaqlara qayıdan azərbaycanlıların həyatını təhlükə altına atmaq və mümkün qədər çox sayda insanın həlak olmasına nail olmaqdır.
E.Həsənli vurğulayıb ki, Ermənistan tərəfi bu gün də sülh, birgəyaşayış və qonşuluq münasibətlərindən danışsa da, bu bəyanatlar real addımlarla təsdiqlənmir. O əlavə edib ki, Ermənistan dəfələrlə atəşkəsi pozub, müxtəlif təxribatlara əl atıb, Fransadan və Hindistandan müxtəlif tipli silahlar alıb və bölgədə vəziyyəti gərginləşdirməyə çalışıb.
O hesab edir ki, Ermənistanın bu cür davranışları qarşısında Azərbaycan dövləti haqlı olaraq ordusunu və iqtisadiyyatını gücləndirir. Onun sözlərinə görə, ölkəmiz müdafiə qabiliyyətini artırmaq üçün bütün sahələrdə kompleks tədbirlər görür.
Emin Həsənli əlavə edib ki, işğal zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi silahlar gələcəkdə Bakıda salınacaq Yeni Qəhrəmanlar parkında və hazırda fəaliyyət göstərən Qənimətlər parkında nümayiş etdiriləcək. Bu, Ermənistanın törətdiyi hərbi cinayətlərin və işğal siyasətinin dünya ictimaiyyətinə göstərilməsi baxımından önəmlidir.
Ekspert qeyd edib: “Xəritələr var, amma təəssüf ki, verilməyib". Onun sözlərinə görə, Ermənistanın bu cür qeyri-səmimi davranışları beynəlxalq ictimaiyyət tərəfindən də diqqətə alınmalıdır.
Sonda Emin Həsənli xəbərdarlıq edərək bildirib: “Ermənistan bu dəfə də səhv eləsə, mövcudluğu sual altında qalacaq".
Fatimə Nəbiyeva
16:03 29.05.2025
Oxunuş sayı: 832