50-ə yaxın ölkə ADA Universitetinin 13-cü Beynəlxalq Festivalında bir araya gəlib

Mayın 23-də ADA Universitetinin kampusunda 13-cü Beynəlxalq Festival keçirilib. Artıq Universitetin ənənəvi tədbirlərindən birinə çevrilən bu festival, mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, tədbir ADA Universiteti və onun Fondunun dəstəyi ilə təşkil olunub.
Festivalda 50-ə yaxın ölkənin mədəniyyəti təqdim olunub. Yaponiya, Malayziya, Çin, Türkiyə və Avropa İttifaqına üzv olan bir sıra ölkələr də daxil olmaqla müxtəlif dövlətləri təmsil edən stendlərdə milli mətbəx nümunələri, musiqilər, rəqslər və milli geyimlər nümayiş etdirilib.
Bayram ab-havasında keçən tədbirdə müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər. Festival çərçivəsində konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr təşkil olunub.
Festivalda iştirak edən ADA Universitetinin Slovakiyalı tələbəsi Rita Çapayova bildirib ki, bu cür tədbirlər tələbələr arasında qlobal düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir. Universitetin yerli tələbələrindən Aygün Kəngərli isə qeyd edib: “Çili və Braziliya kimi uzaq ölkələrə getməsək belə, bu festival bizə həmin xalqların mədəniyyətini hiss etməyə və öyrənməyə imkan yaradır.”
200-dən çox iştirakçının qatıldığı bu festival ADA Universitetində mədəni müxtəlifliyin sadəcə dəyər deyil, gündəlik həyatın bir hissəsi olduğunu yenidən nümayiş etdirib.
14:45 23.05.2025
Oxunuş sayı: 775