Budapeşt Zirvəsi: TDT-də yenilik

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda keçirilən sammitdə çıxışı zamanı ölkəsində Türk Dövlətləri Təşkilatının (TDT) daimi nümayəndəliyinin açılacağını elan edib.
Onun sözlərinə görə, Aktaunun türkdilli dünyanın mədəniyyət paytaxtı, Almatının isə gənclər paytaxtı elan olunması ilə yanaşı, iyunun 11–12-də Astanada Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasının iclası da keçiriləcək.
Qazaxıstanda Türk Dövlətləri Təşkilatının daimi nümayəndəliyinin açılması barədə Crossmedia.az-a açıqlama verən Türk Dünyası üzrə ekspert İlqar İlkin bir neçə gün öncə Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlət Təşkilatlarına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildiyini vurğulayaraq, görüş zamanı bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirib: "Cənubi Kiprin tanınmasından sonra Orta Asiya ölkələrinin bu qərara münasibəti fonunda tədbirin daha soyuq atmosferdə keçəcəyi ehtimal edilə bilərdi. Lakin gözlənilənin əksinə olaraq, dövlət başçıları arasında səmimi və mehriban münasibətlərin şahidi olduq və təşkilatın inkişaf yolunda daha irəli addımlar atdığı aydın göründü.
Bu görüşün əhəmiyyətli nəticələrindən biri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının daimi nümayəndəliyinin Qazaxıstanda yaradılacağını bəyan etməsi oldu. Bu, təqdirəlayiq bir təşəbbüsdür. Çünki hər il keçirilən rəsmi və qeyri-rəsmi zirvə görüşləri ilə yanaşı, belə bir daimi strukturun fəaliyyət göstərməsi vacibdir. Mən hesab edirəm ki, bu kimi nümayəndəliklər yalnız bir ölkədə deyil, digər üzv dövlətlərdə, o cümlədən Azərbaycanda da yaradılmalıdır. Belə bir nümayəndəlik, qəbul olunan qərarların il ərzində bir və ya iki görüşlə məhdudlaşmadan, davamlı şəkildə həyata keçirilməsinə xidmət edə bilər ".
Ekspert Türk Dövlətləri Təşkilatının daimi nümayəndəliklərinin məhz qərarların vaxtında, effektiv icrası üçün fəaliyyət göstərməli olduğunu qeyd edib: "Hazırda təşkilat çərçivəsində parlament assambleyası, mədəniyyət və digər sahələr üzrə müəyyən strukturlar mövcuddur. Lakin bu strukturların gündəlik əlaqədə fəaliyyət göstərə biləcəyi, çevik və funksional bir quruma ehtiyac olduğu açıq-aşkar görünür. Mənə görə, bu ehtiyacı məhz daimi nümayəndəliklər qarşılamalıdır".
O, ümumilikdə proseslərə pozitiv yanaşdığını vurğulayıb: "Lakin bir məsələni də vurğulamaq istərdim. Budapeştdə keçirilən zirvə ilə bağlı bəzi ekspertlər Macarıstanın mövqeyinə fərqli münasibət sərgiləyirlər. Bildirmək istərdim ki, Macarıstan Avropa İttifaqının üzvüdür və bu səbəbdən Cənubi Kiprin tanınması onun üçün məcburidir".
İ. İlkin bu baxımdan, Şimali Kipr Türk Cümhuriyyətinin tədbirə dəvət olunmamasını başa düşmək lazım olduğunu qeyd edir və əlavə olaraq bildirir ki, digər tərəfdən, Macarıstanın özü də Qarabağ məsələsindəki kimi Rumıniya ərazisində yerləşən Sekelistan problemi ilə üz-üzədir. Bu kontekstdə Macarıstanın mövqeyinə anlayışla yanaşmaq vacibdir. Üstəlik, Macarıstan hələlik Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır. Buna görə də Şimali Kipr Türk Cümhuriyyətinin tədbirdə iştirak etməməsini bu mərhələdə anlayışla yanaşmaq lazımdır.
Pərvin Hacıyeva
17:21 22.05.2025
Oxunuş sayı: 5345