Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının iclası keçirilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-Metodiki Şurasının cari il üzrə ikinci iclası baş tutub.
İclası Şuranın sədri, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. Direktor cari ildə AMEA-nın 80, MEK-in isə 100 illik yubileyləri münasibətilə bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
H.Hüseynov, həmçinin MEK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda respublika elmi konfransının hazırlıq işləri barədə məlumat verib. Sayca üçüncü dəfə keçiriləcək bu konfransa marağın yüksək olduğunu bildirən Şura sədri, artıq kifayət qədər elmi məqalənin təqdim olunduğunu vurğulayıb.
İclasda MEK-in 100 illik yubileyi ilə əlaqədar hazırlanması nəzərdə tutulan bir sıra nəşrlər müzakirə olunub. Bunlar arasında “AMEA akademiklərin gözü ilə (AMEA-nın 80 illiyinə)”, “AMEA-nın alim qadınları: məlumat kitabı”, “Mərkəzi Elmi Kitabxana – 100 il elmin keşiyində”, “AMEA Mərkəzi Elmi Kitabxanasının salnaməsi”, “Mərkəzi Elmi Kitabxananın nəşrləri: biblioqrafik göstərici”, “Mərkəzi Elmi Kitabxana mətbuatın güzgüsündə” və “Qarabağ Qəhrəmanları Fondu: biblioqrafik göstərici” adlı nəşrlər yer alır. Eyni zamanda, yubileylər münasibətilə MEK-in “İnformasiya Bülleteninin” xüsusi buraxılışının çapı da nəzərdə tutulub.
İclasın sonunda MEK rəhbəri son dövrlərdə qurulan beynəlxalq əməkdaşlıqlara toxunub. Direktor ötən ay Türkiyəyə səfəri çərçivəsində MEK ilə Avropanın ən böyük kitabxanalarından biri olan İstanbulun Rami Kitabxanası arasında imzalanmış “Qardaş Kitabxanalar” Anlaşma Memorandumu və Sinop Universiteti ilə qurulan əməkdaşlıq əlaqələri barədə məlumat verib.
16:47 14.05.2025
Oxunuş sayı: 569