EPF Koalisiyası Ermənistanın mədən fəaliyyətinə beynəlxalq monitorinq tələb edir - Deputat

Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən müəssisələrinin çay sularını çirkləndirməsi və bunun Azərbaycan da daxil olmaqla region ölkələrinə ciddi ekoloji təhlükə yaratması ilə bağlı narahatlıqlar artır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Environmental Protection First (EPF) Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib. Deputat bildirib ki, vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan tərəfindən hələ də adekvat reaksiya verilməyib: “Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar məsələyə hüquqi qiymət verməlidirlər. Əsas addımlardan biri Ətraf mühitə Təsirin qiymətləndirilməsi sənədlərinin bütün təsirlənən tərəflərlə paylaşılmasıdır. Ermənistan Azərbaycan, İran, Gürcüstan və Xəzəryanı ölkələrin çirklənmə səviyyələrinin müstəqil monitorinqinə imkan verməlidir”.
O, həmçinin qeyd edib ki, Gürcüstan da Ermənistan ərazisində yüksək zəhərli maddələrlə zəhərlənən Pəmbək (Debed) çayının çirklənməsi ilə bağlı xəbərdar edilməlidir, çünki bu istiqamətdə ciddi faktlar mövcuddur.
Vəliyeva əlavə edib ki, Debed çayının çirklənməsinə səbəb olan Arkt, Armanis və Qaraberd qızıl mədənləri Kür çayına axan su hövzələrinə təsir edir və bu çayların yolu Azərbaycana qədər uzanır.
Deputat sonda bildirib ki, Ermənistan hakimiyyəti ciddi ekoloji pozuntulara baxmayaraq, mədən fəaliyyətini dayandırmır və beynəlxalq nəzarətə açıq olmalıdır: “Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri, Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinq aparmağa hazırdırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan bu müəssisələrin qapılarını, Azərbaycan ekoloqları da daxil olmaqla, beynəlxalq monitorinq qrupuna açmalıdır”.
Həmayıl Şükürlü
15:40 06.05.2025
Oxunuş sayı: 1761