IMF Azərbaycanda dövlət maliyyəsinə yeni nəfəs gətirir

Bu gün Beynəxalq Valyuta Fondunun (IMF) Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə Regional İnkişafa Dəstək Mərkəzinin (CCAMTAC) Dövlət Maliyyə Statistikası üzrə Təlimatın 2014-cü il (Government Finance Statistics Manual 2014 – GFSM2014) nəşrinin prinsiplərinə uyğun qaydada tərtib edilməsi üzrə texniki dəstək missiyasının Azərbaycana səfəri başlayıb.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Mayın 2-nə qədər davam edəcək missiya zamanı dövlət təsisatları üzrə maliyyə əməliyyatlarının, balans məlumatlarının mərhələli şəkildə hesabatlara daxil edilməsi, bununla da dövlətin maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatın hazırlanması əsas müzakirə mövzularını təşkil edəcək.
Səfər çərçivəsində Maliyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Mərkəzi Bankı, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd olunan hesabatların müvafiq təlimatın prinsiplərinə uyğun qaydada tərtib edilməsi üçün qurumlar arasında koordinasiyalı işin təşkili və potensialın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar IMF hər il aidiyyəti qurumların iştirakı ilə texniki yardım missiyaları təşkil edir. Missiyalar çərçivəsində hesabatların tərtibinə dair problemlər araşdırılır, onların aradan qaldırılması, eləcə də məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılır.
18:04 28.04.2025
Oxunuş sayı: 736