Beynəlxalq məsləhətçi: Müstəmləkəçiliklə mübarizədə Azərbaycanın təşəbbüslərini alqışlayıram

Müstəmləkə idarəçiləri ilə mübarizədə Azərbaycanın təşəbbüslərini alqışlayıram.
Bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun ev sahibliyi ilə baş tutan “Dekolonizasiya: Səssiz İnqilab” adlı konfransda iştirak edən qlobal idarəetmə üzrə beynəlxalq məsləhətçi və ABŞ-yə məxsus Virgin adaları hökumətinin keçmiş xarici işlər naziri Dr.Karleyl Corbin bildirib.
Ekspert vurğulayıb ki, o, müstəmləkəçilikdən əziyyət çəkən ərazilər, xüsusilə Karib hövzəsi, Sakit və Hind okeanı üzrə araşdırmalar aparır:
“Azərbaycanın təşəbbüsü dünya ictimaiyyətinin məlumatsız olduğu bir çox məsələləri gündəmə gətirir və müstəmləkə zülmü altında olan ölkələrdə nələrin baş verdiyini nümayiş etdirir. Bu təşəbbüs müasir dekolonizasiya məsələsi ətrafında beynəlxalq qüvvələrin səfərbər olunması və real nəticələrin əldə edilməsi baxımından olduqca vacibdir”.
Dr.Corbin qeyd edib ki, müasir dövrdə də kolonializmin təsirləri bir çox ərazilər üçün hələ də çox ağırdır: “Bu ərazilər əhalinin sayının dəyişdirilməsi, zəiflədilməsi və digər bu kimi problemlərlə üzləşirlər. Bu hallar məskunlaşdırma yolu ilə həyata keçirilən kolonial layihələr nəticəsində baş verib və hələ də davam edir. Biz bu kimi faktları tez-tez eşidirik və bu problemləri həll etmək üçün strategiyalar hazırlamağa çalışırıq. Aydındır ki, ərazilərin və onların nümayəndələrinin bir araya gəlməsi, ortaq məsələləri, narahatlıqları və mümkün birgə strategiyaları müzakirə etməsi olduqca vacibdir”.(Report)
22:37 15.04.2025
Oxunuş sayı: 821