“Aqroservis”in İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov aprelin 11-də Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, gübrə ilə təminat, kəndlərdə səyyar satış xidmətinin təşkili, rayonun ucqar kəndlərinə kombaynların ayrılması və digər məsələlərlə bağlı olub.
İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra Mehman Veysəlov rayonda salınmış intensiv bağlara və çiyələk plantasiyalarına baş çəkib, aparılan aqrotexniki tədbirlərlə tanış olub. Fermerlərlə görüşdə kənd təsərrüfatı texnikaları və suvarma sistemlərinə görə dövlət dəstəyi mexanizmləri, həmçinin ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
16:54 14.04.2025
Oxunuş sayı: 776