Deputat: "Ermənistanın sülh prosesini uzatmaq cəhdləri nəticə verməyəcək"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Anadolu" agentliyinə müsahibəsində rəsmi Bakının İrəvanla sülh sazişinin şərtlərini bir daha xatırladıb .
Nazir qeyd edib ki, Azərbaycanın əsas şərtlərindən biri də 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:
“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”.
Qarşı tərəf Azərbaycanın şərtlərini, o cümlədən Minsk Qrupunun ləğvi ilə bağlı tələbi çox aydın bilir. Buna baxmayaraq, konkret mövqe ortaya qoymur. Ya bacarmır, ya da çəkinir. Ya da ola bilsin, İrəvan yenə də məkrli siyasət yeridərək məlum həmsdərlərin hansısa məqamda "oyun daxil olmasına" ümid edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva söyləyib ki, hazırkı ritorika qeyri- müəyyən və ziddiyyətli mövqe kimi qiymətləndirilməlidir: "Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bu halda öz ritorikasında və fəaliyyətində tam ardıcıllıq nümayiş etdirməli idi. Minsk Qrupu artıq faktiki olaraq missiyasını başa vurub — Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ məsələsi həll olunub, Ermənistan da bu reallığı qəbul edib".
Deputat qeyd edib ki, belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinə çalışması ya sülh prosesindən yayınmaq cəhdidir, ya da daxili və ya xarici auditoriyaya hesablanmış imitativ bir yanaşmadır. "Bu isə sülh prosesinə zərbə vurur və bölgədəki sülh perspektivlərini sual altına qoyur. Ona görə də Ermənistanın bu qeyri-müəyyən davranışı həm rəsmi Bakı, həm də beynəlxalq ictimaiyyət tərəfindən qeyri-səmimi mövqe kimi qəbul edilir. Ermənistanın real addımlar atması və konkret qərarlar verməsi tələb olunur. Sülh prosesini uzatmaq cəhdləri nəticə verməyəcək və regionun inkişafına maneə törədəcək".
Zümrüd Əsədova
16:27 14.04.2025
Oxunuş sayı: 11682