"Ermənistan seçim etməlidir" - DEPUTAT

Fərqli regionlarda sülhün və əməkdaşlığın bərqərar olması istiqamətində atılan addımlar və bu çərçivədə keçirilən beynəlxalq forumlar, xüsusilə də Antalya Diplomatik Forumu Cənubi Qafqazda yaranmaqda olan yeni geosiyasi reallıqların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi platformalar Azərbaycanın beynəlxalq aləmdə artan rolunu, sülh təşəbbüslərini və regional inteqrasiyaya verdiyi töhfələri nümayiş etdirmək baxımından əlverişli imkan yaradır. Azərbaycanın bu proseslərdə tutduğu prinsipial mövqe isə ölkənin həm regiondaxili, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunmasında mühüm rol oynayır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib: "Antalya Diplomatik Forumundan öncə Azərbaycan ADA Universitetində beynəlxalq forum keçirildi. Prezident İlham Əliyev ordakı çıxışında beynəlxalq birlik qarşısında duran bir sıra məsələlərdə də mövqeyini ortaya qoydu. Biz Antalya Forumuna artıq emal edilmiş mövqeyimizlə gedirik. Avropa Şurasının baş katibi Alen Bersen Azərbaycan prezidenti ilə görüşüb. Aydın məsələdir ki, burada Azərbaycan-Avropa Şurası məsələləri müzakirə edilib. Bir tərəfdən Avropa Şurası Azərbaycanı ona aid olmayan məsələlərdə ittiham etməyə, onu həmişə günahkar obrazında saxlamağa çalışır. Amma digər tərəfdən Azərbaycan Avropanın mühüm tərkib hissəsidir. Azərbaycan regionun lider dövlətidir. Azərbaycanın beynəlxalq aləmdə böyük hörməti var. Hesab edirəm ki, Antalya Diplomatik Forumunda Azərbaycan prezidenti ilə görüşmək istəyən tərəflərin sayı çox oldu".
Deputat həmçinin qeyd edib ki, üçtərəfli görüşlərin keçirilməsi son dövrlərdə diplomatik taktikadır: "Azərbaycan-Gürcüstan əlaqələri yetəri qədər güclüdür. Ermənistan isə Cənubi Qafqaz evinin qurulmasında iştirak edə bilər. Bu baxımdan hər üç ölkənin xarici işlər nazirləri arasında üçtərəfli görüş yerinə düşdü. Ümumiyyətlə, Ermənistan seçim etməlidir. İnkişaf edən və regional layihələrin təsdiqini tapdığı Cənubi Qafqazda öz yerini tutmalıdır. Əks halda özü özünü yenidən labirintə salacaq".
Ayhan Ağarzayev
15:50 14.04.2025
Oxunuş sayı: 1249